Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri: Şamaxıda müşavirə
Şamaxı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirə keçirilib.
ARANTV.AZ xəbər verir ki, müşavirədə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Eləcə də biçilmiş taxıl sahələrinin, quru otun, kol-kos və məişət tullantılarının yandırılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb.

Seminar-müşavirədə, həmçinin yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması, mövcud texnikalardan maksimum istifadə olunmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, suallar cavablandırılıb.
Tədbirdə son günlər dünyanın ayrı-ayrı ölkələrində meşə yanğınlarının geniş yayıldığı bildirilib, hər kəsin bu sahədə daha diqqətli və məsuliyyətli olmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi məqsədilə ölkəmizdən gedən yanğın-xilasetmə qüvvələrinin içərisində Şamaxıdan olan qrupun fəaliyyətindən danışılıb, ötən həftə Ağsu və Şamaxı rayonları ərazisində baş verən yanğınların qarşısının peşəkarlıqla alındığı qeyd olunub.

