Bunun əsas səbəbi toyların keçirilməsi oldu
Akif Qurbanov: “Son vaxtlar maskadan istifadə, məsafə gözlənilməsi, gigiyena ilə bağlı arxayınlıq yaranıb, bu da yoluxmanın artmasına səbəb olur”
“Təxminən son 1-2 həftə ərzində koronavirusa gündəlik yoluxma sayında artım var. Hesab edirik ki, bunun əsas səbəbi toyların, şənlik mərasimlərinin keçirilməsi oldu. Bu mərasimlər müəyyən qayda-qanun çərçivəsində keçirilsə də, nə qədər əks-epidemik tədbirlər nəzərə alınsa da, toylar, şadlıq mərasimləri ilə insanlar arasındakı təmasların sayı artıb”.
ARANTV.AZ xəbər verir ki, bunu TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov bildirib.
Onun sözlərinə görə, təmasların sayının artması yoluxmaların da artmasına səbəb olur ki, bu, gözlənilən idi: “Amma çalışmalıyıq ki, yoluxmaların sayı həddindən artıq çoxalmasın, səhiyyə sistemimiz, xəstəxanalar həddindən artıq yüklənməsin. Səhiyyə sistemi, xəstəxanalar həddindən artıq yükləndiyi təqdirdə yenidən qapanmaların labüdlüyü ortaya çıxa bilər. Ona görə də hamımız qorunmaqla bağlı qaydalara əməl etməliyik. Son zamanlar insanlar həddindən artıq çox arxayınlaşıblar. Maskalardan istifadə, məsafənin gözlənilməsi, əl gigiyenası ilə bağlı məsələlərdə bir arxayınlıq yaranıb. Arxayınlaşmaq da yoluxmanın artmasına səbəb olur. Virusun qarşısını almaq üçün yalnız iki yol var – qorunmaq və vaksinasiya”.

