Sosial 

Qazaxın 7 kəndi ilə yanaşı, Kərki kəndi də nə zaman qaytarılacaq? – AÇIQLAMA

Son günlər Ermənistan mediasında, əsasən də “Hraparak” nəşri, “Yerkir” qəzeti və Ermənistanın “Azadlıq Radiosu”nda paylaşılan xəbərlərdə Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalaması və bunun nəticəsində Qazaxın işğalda olan 7 kəndi ilə yanaşı, Naxçıvan MR-na bağlı olan Sədərək rayonunun Kərki kəndinin qaytarılması ilə bağlı xəbərlər dərc olunur.

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən deputat Asim Mollazadə bildirib ki, Ermənistanın yeganə xilas yolu hansısa revanşist fikirlərdən əl çəkib, Azərbaycanla kompromislərə getməsidir:

“Mən düşünürəm ki, üçtərəfli sazişdə Ermənistanla bütün punktlar həll olunmalıdır. Ermənistan çevikliklə onu həyata keçirməlidir. Həm Kərki kəndi, həm də Qazax rayonunun işğalda olan 7 kəndi qaytarılmalıdır. Əgər onlar bunu etməsələr, vəziyyətləri daha da ağırlaşacaq. Onun üçün mənə elə gəlir ki, Ermənistan hazırda Azərbaycan və Türkiyəyə qarşı öz ərazi iddialarına son qoymaq və normal münasibətlər qurmaq barədə düşünməlidir.

Məlumdur ki, Rusiya prezidentinin də bu üçtərəfli bəyənatın altında öz imzası var, lakin Rusiya sülhməramlıları, 10 noyabr sazişinə zidd olaraq, Xankəndindən qanunsuz Ermənistan SQ-nin ünsürlərini çıxarmalı olduqları halda, əksinə, oraya keçirdirlər. Deməli, onlar öz dövlət başçısına və onun imzasına hörmətsizlik edirlər. Hesab edirəm ki, burada bütün proseslər üçtərəfli bəyanatın icrası ilə bağlı olmalıdır. Bu, Ermənistanın yeganə xilas yoludur. Hansısa revanşist, separatist fikirlər barəsində və kiminsə onların yerinə Azərbaycan ilə müharibə aparması ilə bağlı olan düşüncələri tamamilə yanlışdır. Burada onların bir dövlət kimi öz mövcudluğunu qorumaları üçün yeganə çıxış yolu normal bir dövlətə çevrilmək, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymaqdır”.

Daha çox xəbərlər