İki qardaş ölkənin sarsılmaz birliyi
Bu amil Azərbaycanla Türkiyənin daha da qüdrətlənməsini şərtləndirir
İkinci Qarabağ müharibəsində qardaş Türkiyə Azərbaycan dövlətinə və xalqına çox yüksək səviyyədə siyasi və mənəvi dəstək göstərdi. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk günlərindən Azərbaycan dövlətinin yanında olduğunu bildirdi. Türkiyənin müdafiə naziri, xarici işlər naziri və digər nazirlikləri, onların rəhbərləri Azərbaycanın haqq işini müdafiə etdiklərini hər zaman bildirdilər. Bu birlik, həmrəylik üçüncü dövlətin Vətən müharibəsində müdaxiləsinə, Ermənistanın müdafiəsinə açıq şəkildə mane oldu. Bu da çox onəmli hadisədir.
Eyni zamanda, Azərbaycan da hər zaman Türkiyənin yanındadır. Bütün çətin məqamlarda Türkiyənin yanında olan ilk dövlət məhz Azərbaycan oldu. Bu günlərdə Türkiyədə meşə yangınları Azərbaycan-Türkiyə münasibətlərinin necə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Bu yangınların ilk günü Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng etdi və istənilən səviyyədə dəstək, yardım göstərməyə hazır olduğunu bildirdi. Bu istiqamətdə çox ciddi əməli addımlar atılmağa başlandı. 100-ə qədər maşın və texnika Türkiyəyə göndərilib. Yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarə, 510 nəfər yanğınsöndürən fəaliyyət göstərir.
Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif etdi. Beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayı 710 nəfərə çatdırılacaq. Bütün bunlar göstərir ki, bəli, bizim qardaşlığımız və dostluğumuz əbədidir. Prezidentlərimiz, dövlətlərimiz, xalqlarımız dost və qardaşdır.
Xüsusilə iyunun 15-də Şuşada imzalanmış tarixi Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırdı. Münasibətlərin bundan yüksək səviyyəsi yoxdur. Eyni zamanda, Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin imzaladığı Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında növbəti yeni mərhələ oldu. Bütün bunlar hamısı bir daha ona dəlalət edir ki, Azərbaycan və Türkiyə dostluğu əbədidir, heç bir üçüncü qüvvə bu dostluğa xələl gətirə bilməz.
Həm də bu dostluğu şərtləndirən ən mühüm amillərdən biri onunla bağlıdır ki, hər iki dövlətə nəhəng dövlət xadimləri rəhbərlik edirlər. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla öz adını təkcə ölkəsinin tarixinə deyil, əslində dünyanın hərb tarixinə birdəfəlik həkk etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünyanın əsas güc mərkəzlərindən birinə çevirməyi bacarmışdır. Bu gün Türkiyə NATO-da öz hərbi potensialına görə ikinci, dünyada isə ilk onunluqdadır. Bu tarixi nailiyyətlərin əldə edilməsində Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Sözün həqiqi mənasında bugünkü dünyamızın ən xarizmalı liderlərindən biridir. Bu iki nəhəng şəxsiyyətin dostluğu Azərbaycan-Türkiyə tarixi dostluğunun daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir. Bu isə bizim düşmənlərimizi, xüsusilə də Ermənistan dövlətini, onun siyasi-hərbi rəhbərliyini xeyli qıcıqlandırır. Nəticədə isə Ermənistanın atəşkəs rejimini intensiv şəkildə pozması, sərhəd insidentlərini həyata keçirməsi, cürbəcür təxribatlara əl atması baş verir. Onların heç bir nəticəsi olmayacaq. Çünki ortada qalib Azərbaycan dövləti var. Bu dövlətin ən yaxın müttəfiqi olan Türkiyə dövləti var. Ermənistanın siyasi-hərbi rəhbərliyi ilk növbədə papağını qarşısına qoyub düşünməlidir. Nəticə çıxarmalıdır ki, yeganə yol əməkdaşlıq yoludur. Konfrantasiya yolu Ermənistanı məhvə aparır. Ermənistan üçün bu gün hava, su qədər lazım olan məsələ düşdüyü ağır iqtisadi fəlakətdən qurtarmaqdır. Ermənistan blokada vəziyyətindən çıxmaq haqqında düşünməlidir. Bunun yolu isə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməkdən keçir.
Rəfael Pəsiyev,
YAP Beyləqan rayon təşkilatının sədri

