Sosial 

Qarabağda hansı təhsil müəssisələri açılacaq? – AÇIQLAMA

44 günlük Vətən Müharibəsindən sonra azad olunan torpaqlarımızda yenidənqurma işləri sürətlə davam edir.

Qarabağda aparılan işlərlə bağlı, orada hansı elm mərkəzlərinin açılması barədə Sonxeber.az olaraq deputat Jalə Əliyevadan münasibət öyrəndik.

Onun sözlərinə görə, Qarabağımızın siması özünə qaytarılır:

“İşğaldan azad olunan əzəli Azərbaycan torpaqlarında bu gün bərpa-quruculuq işləri gedir. Birinci növbədə, infrastruktur yenidən qurulur. Qaz, işıq, su xətləri çox qısa müddətdə bərpa olundu və bu işlər sürətlə davam etdirilir. Böyük şəhərlərimizdə hava nəqliyyatını təmin edəcək aeroportlar tikilir, dəmir yolu çəkilir, quru yolları, eyni zamanda məktəblər, bağçalar, inzibati binalar yenilənir. Bir sözlə, əvvəlkindən daha gözəl, müasir, abad bir şəkildə Qarabağımızın siması özünə qaytarılır”.

Deputat onu da qeyd edir ki, böyük bölgələrimizdə ali məktəblərin, peşə-ixtisas məktəblərinin də fəaliyyət göstərməsi şərtdir:

“Universitetlərimizin bölgələrdə filialları olduğu kimi, yaxud da birbaşa özləri müstəqil şəkildə fəaliyyət göstərdikləri kimi, işğaldan azad olunan ərazilərimizdə də belə olacaq. Naxçıvan, Mingeçevir, Gəncədə universitetləri, kiçik peşə məktəblərini nümunə göstərmək olar. Düşünürük ki, Qarabağımızda da bu yöndə layihələr hazırlanacaq və bu ərazilərimizdə mütləq ali məktəblərin təməli qoyulacaq.

Mədəniyyətin, elmin beşiyi olan Şuşada Milli Konservatoriyamızın, Mədəniyyət İncəsənət Universitetinin bir filialının açılması məqsədəuyğun olardı. Əlbəttə, bütün bunlar dövlət başçısının birbaşa himayəsi ilə həyata keçirilir. Ölkədə bütün sahələrə diqqət göstərən cənab Prezident bu sahə ilə də bağlı öz fikirlərini söyləyəcək. Biz Qarabağımızda universitetlərimizin filialını görəcəyik”.

Daha çox xəbərlər