Sosial 

Həkim: Vaksinasiyanın alternativi yoxdur

Son bir ayda ölkəmizdə koronavirus infeksiyasına yoluxmaların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayında 10 dəfədən çox artımların müşahidə edilməsi bizim üçün həyəcan siqnalı olmalıdır. Hər birimiz Operativ Qərargahın tələblərinə ciddi əməl etməliyik. Əks halda, koronavirus infeksiyasına yoluxanların sayı kəskin artmaqda davam edəcək.

ARANTV.AZ xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında astaralı həkim-dermatoloq Fuad Səmədov söyləyib.

Koronavirusla mübarizədə vaksinasiyanın alternativinin olmadığını qeyd edən F.Səmədov, yeni mutasiyaların ölkəmizdə yayılmasına yol verməmək üçün insanlar arasında vaksinasiya ilə bağlı maarifləndirmə işini genişləndirməyin vacibliyini bildirib.

Astara rayonunda koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə keçirilən əhalinin peyvənd olunması kampaniyasına 5 həkim briqadasının cəlb olunduğunu söyləyən astaralı həkim, rayonun ucqar dağ kəndlərində əhalinin vaksinasiyası ilə bağlı səyyar həkim briqadalarının da fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

“Koronavirus infeksiyası ilə mübarizədə vacib məsələlərdən biri qoruyucu tibbi maskaların taxılması və ara məsafələrinin gözlənilməsidir. Hərarəti olan vətəndaşlar evdən çölə çıxmamalı, həkim çağırmalı və onun göstərişlərinə ciddi əməl etməlidir. Biz yalnız birlikdə qaydalara əməl etməklə bu bəlaya qalib gələ bilərik”, – deyə F.Səmədov əlavə edib.

Daha çox xəbərlər