Hadisə 

Narkotacirlər saxlanıldı: Evlərindən külli miqdarda narkotik bitki tapıldı – FOTO

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı rayonun Beşdam kənd sakini əvvəllər məhkum olunmuş Ağayar Vəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun əkib yetişdirdiyi çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Bundan başqa evin həyətinə baxış zamanı yarım kiloqrama yaxın marixuana və çətənə bitkisinin toxumları aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Faxrət Məmmədov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən ümumi çəkisi 10 kiloqramdan artıq olan narkotik tərkibli çətənə bitkiləri, eləcə də 70 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni üç ay öncə becərdiyini və aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Daha çox xəbərlər