Siyasət 

Qan sızan ölkəni məhvdən o qurtaracaq?

Əfqanıstanda hakimiyyəti “Taliban” hərəkatının ələ alması ABŞ-ın bu ölkədən əlini üzməsi anlamına gəlmir.

Birləşmiş Ştatlar Kabildə formalaşdırılacaq yeni hakimiyyətin rəhbəri, daha doğrusu, keçid administrasiyasının sədri postunda general Əli Əhməd Cəlalini görmək istəyir.

Cəlalini Pakistan da müsbət qəbul edir və çox yəqin ki, rəsmi İslamabad talibləri bu təyinatla razılaşmağa sövq edəcək.

Əfqanıstanda hakimiyyətin belə sürətlə format dəyişməsi isə son 20 ildə Qərb modeli əsasında formalaşmış əvvəlki respublikaçı sisеemi dağıtmaqla yanaşı, inklüziv koalisiyalı hökumət yaratmaq planlarını puç edir. Halbuki son aylarda Qərb diplomatiyası məhz belə hökumətin yaradıla biləcəyini vurğulayırdı.

ABŞ prezidenti Co Baydenin Əfqanıstanın artıq sabiq prezidenti Əşrəf Qəniyə yardımlardan boyun qaçırması və “Taliban” birləşmələrinə aviazərbələr endirmək əmrini verməməsi konspiroloji təxminlərə yol açır.

Yəni ya Vaşinqonla taliblər arasında gizli sövdələşmə var, ya da Bayden administrasiyası proseslərə nəzarəti əldən buraxıb.

Birinci versiya daha ağlabatandır, çünki “Taliban” Əfqanıstanda amerikalılara zərər verə biləcək bir addım da atmayıb.

Amma istənilən halda “Taliban”ın belə ildırım sürətli zəfəri ABŞ-ın nüfuzuna ciddi zərbədir. Əfqanıstanda yaşananlar ABŞ-ın etibarlı müttəfiq olmadığını bütün dünyaya göstərdi və indi aşkar amerikanist siyasət yürüdən dövlətlərdəki hakimiyyətlər “Birləşmiş Ştatlarla bundan sonra da işləməyə dəyərmi?” sualına cavab arayacaqlar.

Əfqanıstanın gələcək perspektivlərinə gəldikdə isə, taliblərin hakimiyyətində əvvəlki rejimdə, Qəni iqtidarında çalışmış texnokratlar da işləyə bilərlər. Əfqanıstanda çoxluq təşkil edən puştunları təmsil edən “Taliban” ölkəni monoetnik dövlətə çevirmək istəmirlərsə, onlar “qalib hər şeyi edə bilər” prinsipi ilə davranmamalıdırlar.

Yeni hakimiyyətdə ölkədəki bütün etnik və dini qruplar təmsil olunmasa, yeni qarşıdurmalar istisna deyil.

“Taliban”ın qarşısında duran əsas məsələ legitimlik görüntüsü yaratmaq, ölkəni yeni, dinc inkişaf mərhələsinə keçiddir.

Çox yəqin ki, məhz bu səbəbdən “Taliban” rəhbərliyi orta səviyyəli bütün məmurlara işlərinə əvvəlki qaydada davam etməyi əmr edəcəklər. Dəyişən yalnız Əfqanıstanın siyasi dəyişiklyini nəzərdə tutan ABŞ layihəsinin tərkib hissəsi olmuş ali siyasi rəhbərlik olacaq. Həmin adamlara isə taliblərin formalaşdıracağı hakimiyyətdə yer verilməyəcək.

İstənilən halda Əfqanıstanda koalisiyalı yox, keçid hökuməti yaradılacaq.

Həmin hökumətə rəhbərlik edəcək Əli Əhməd Cəlaliyə gəldikdə isə, ABŞ vətəndaşı olan və hazırda ABŞ-da yaşayan Cəlali Əfqanıstanın sabiq prezidenti Həmid Kərzayın administrasiyasında 2003-2005-ci illərdə daxili işlər naziri olub.

Puştu olan Əli Əhməd Cəlali siyasətçi olmaqla bahəm, diplomat və alimdir. O, Vaşinqtondakı Milli Müdafiə Universitetinin (National Defense University) nəzdindəki Yaxın Şərq və Cənubi Asiya Strateji Tədqiqatlar Mərkəzində (Near East South Asia Center for Strategic Studies, NESA) çalışır.

20 il ərzində “Amerikanın Səsi” radiosunda çalışıb, dari və puştu dillərindəki redaksiyaların rəhbəri olub.

Əfqanıstana dönəndən sonra Müdafiə və Daxili İşlər nazirliklərində çalışıb, ABŞ, Britaniya və Rusiyada hərbi təhsil alıb.

Daha çox xəbərlər