Qarabağda şəhid və qazi ailələrinə ev veriləcək? – AÇIQLAMA
İşğaldan azad olunmuş torpaqlarımızda artıq yenidənqurma işləri başlanılıb. Bəs bu ərazilərdə şəhid və qazi ailələrinə ev verilməsi nəzərdə tutulurmu?
Mövzuyla bağlı deputat Bəhruz Məhərrəmov Sonxeber.az-a açıqlama verib.
O bildirib ki, Prezident İlham Əliyevin bu ilin 25 yanvar tarixində imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2025-ci illədək ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin ediləcək:
“Bu, çox ciddi və nəhəng bir proqramdır və icrası üçün yalnız maliyyə imkanları yox, həm də müstəqil siyasi iradə vacibdir. Əminliklə deyə bilərik ki, Azərbaycanda bu iradə mövcuddur və 2021-ci ilin sonunadək şəhid ailəsi və əlilliyi olan qazilərimizə 3 minədək mənzil və fərdi evlərin verilməsi istiqamətində tədbirlər bunu sübut edir. Konkret olaraq, şəhid ailələri və qazilərimizin işğaldan azad olunan ərazilərimizdə mənzil təminatına gəlincə, hazırkı yanaşma ondan ibarətdir ki, bu qəbildən olan vətəndaşlarımız qeydiyyatda olduğu rayonlar üzrə ev və mənzillə təmin olunurlar. Bilirsiniz ki, hazırda Böyük Qayıdışın ilkin mərhələsindəyik, lakin artıq Zəngilanda vandalizmə məruz qalmış I, II və III Ağalı yaşayış məskənlərində daimi məskunlaşma məqsədi ilə ağıllı kəndlər salınmaqdadır. Habelə, yaxın zamanlarda digər istiqamətlərdə də analoji layihələrə start veriləcək. Bu baxımdan, təbii ki, öz yurduna qayıtmağı arzulayan hər kəs kimi, həmin bölgədən olan şəhid ailələri və qazilərimiz də işğaldan azad edilmiş torpaqlarımızda, özlərinin ata-baba yurdlarında ev, yaxud mənzillə təmin ediləcəklər”.

