Savaş bitdimi?
Savaş bitdimi?
Yox.
Bitmədi.
Düşmən əsgərimizə atəş açırsa, qaçıb gizlənməyə çalışırsa – bitmədi.
Hər gün mövqelərimizin hədəfə alınması, düşmənin şərəfsizliyi və məkri barədə oxuyuruqsa, eşidiriksə – bitmədi.
Analar həyacanlı, bacılar nigaran, əsgərlər qəzəblidirsə – bitmədi.
Naxçıvanın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın kəndlərindəki əsgərlərimizi vurmaq, öldürmək istəyən çaqqal sürüsünün varlığını biliriksə – bitmədi.
Davam edir savaş.
Haqq savaşı, ədalət müharibəsi, ləyaqət və şərəf cəngi.
Vətən Müharibəsindəki kimi savaşlar, döyüşlər, hücumlar yox. Doğrudur.

Amma düşmənin bütün dişlərini hələ tökməmişik, qəddini sonadək əyməmişik.
Bitmədi savaş.
Fəqət…
Bunu yazıramsa, sizlər də savaş ruhundasınızsa, zəfərlərin davamına müştaq, torpaqlarımızdakı son köpəyi qovmağa təşnəyiksə – demək, bitdi savaş.
İçimizdəki, onillər boyu nagahani hisslərin çulğantısı, laübəli duyğular, tərəddüdlər və nə yazıq, təəssüflər olan savaş.
Bitməmiş savaşı şüur və ruhumuzda bitmiş savaşla bitirməliyik.
Bitiririk.
Anbaan, zamanı tezləşdirərək, biləyimizi və yumruğumuzu möhkəmləndirərək.
Ermənistanda şüurdan xali olmayanlar bunu dərk edirlər. Ermənilərin ilk və sabiq prezidenti Levon Ter-Petrosyan kimi.
O, 2010-cu ilin iyulun 17-də səsləndirdiyi açıqlamasını dünən Facebook profilində təkrarlayıb: “Özünü aldatmaqla məşğul olmaq və xüsusilə də xalqı aldatmaq olmaz. Hakimiyyətin yürütdüyü siyasətə görə ödəyəcəyi bədəli xalq bilməldir”.
Ter-Petrosyanın nəyə işarə vurduğu dəqiq bəlli olmasa da, məsələnin Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə işarə olduğunu güman etmək olar.
Ötən ilin noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərini icra etməli olacaq İrəvan mütləq şəkildə öhdəliklərini yerinə yetirməlidir.

Lakin Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ problematikası adlı uydurma sentensiyadan əl çəkmir, bu məsələdən daxili siyasi müşküllərini çözmək üçün istifadə edir. Məhz bu səbəbdən Ermənistanda revanşistlərin, yeni müharibə istəyənlərin sayı azalmır.
“Savaş bitmədi!” deyən ermənilər arasında bu şüardan siyasi populizm üçün istifadə edənlər də var, sırf konkret məqsədlərə çatmaq üçün yararlananlar da.
Ermənistanda müharibənin bitdiyini, artıq normal yaşama başlamağın labüdlüyünü söyləyənlər olsa da, “Heç nə bitmədi!” deyənlərin sayı azalmır.
Sadalanan amillər isə yaxın illərdə Ermənistanda savaş tələb edənlərin və revanşistlərin sayının azalmayacağını göstərir.
Amma ermənilər deyəsən, unudurlar ki, 44 günlük Vətən Müharibəsində 10 min erməni hərbçi döyüş meydanından qaçaraq fərarilik etmişdilər.
Ermənistan rəhbərliyi, siyasətçiləri və mediası isə tam əksinə davranır, “məğlubedilməz erməni əsgəri” mifini var gücləri ilə qorumağa, hətta gücləndirməyə çalışırlar.

Ermənilər məğlubiyyətlərində və kapitulyasiyalarında erməni hərbçilərdən savayı hər kəsi suçlayırlar. Erməni hərbçiləri məğlubiyyətdə ittiham etmək İrəvanda tabudur, çünki belə olarsa, Paşinyan hakimiyyəti cəmi bir neçə gün ərzində qəzəblənmiş hərbçilər tərəfindən devrilə bilər.
Ermənistanın indi əsas məqsədi Azərbaycanla sərhədin demarkasiyasına və delimitasiyasına imkan verməmək, prosesi mümkün qədər uzatmaq, həmin müddətdə silahlı qüvvələrin dağıdılmış potensialını qismən də ola, bərpa etməkdir.
Təbii ki, bütün bunları Ermənistan daimi hamisi və müttəfiqi Rusiyaya bel bağlayaraq edir.

