Radikal müxalifətdən Prezidentin Kəlbəcər səfəri ilə bağlı anormal davranış
Elman Nəsirov: “Prezident tarixdə olanları, sadəcə, dilə gətirdi, xatırlatdı”
Prezident İlham Əliyevin Kəlbəcər və Laçın səfərindən sonra ona hücumlar başlayıb. Radikal və inkarçı müxalifət, onların tərəfdarları az qala desinlər ki, İlham Əliyev Kəlbəcər və Laçına niyə getdi. Bəziləri hətta ermənilər qədər qıcıq olurlar bu səfərə. Əsas arqument də budur: niyə Ağdərədən yox, başqa yoldan getdi? Bir güllə atmadan azad etdiyi 3 rayondan ikisinə gedib, oradan dostları sevindirib, düşmənləri yandırıb. Ciddi mesajlar verib. Bu səfərdən sonra Moskvada 3 tərəfli görüş baş tutub. Təbii ki, bu qədər böyük nəticə düşmən bağrı çatladacaq. Əcəba, bizim inkarçı müxalifət Azərbaycana dostdurmu, düşməndirmi? AXC iqtidarı dövründə işğal edilən Kəlbəcərə gedən İlham Əliyev ən çox AXC-Müsavat rəhbərliyindən tənqid eşitməli olur.
Deputat Elman Nəsirov bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına tarixi əhəmiyyətli səfəri reallaşdı. 16 avqustda baş tutan bu səfər çox böyük, həm də siyasi məna və əhəmiyyət kəsb edirdi: “Bu səfər bir daha göstərdi ki, ortada Azərbaycan Prezidentinin və xalqının siyasi iradəsi var. Bizim çox geniş maliyyə, insani resurslarımız var. Bütün bunların nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması prosesi sürətlə həyata keçirilməkdədir. Bu nöqteyi-nəzərdən Kəlbəcər və Laçın rayonlarına səfər çərçivəsində atılan addımlar da bu reallığı bir daha təsdiqlədi. Kəlbəcərdə və Laçında həyata keçirilən və həyata keçiriləcək layihələr əslində bütövlükdə regionun, Zəngəzurun simasını dəyişə biləcək. Prezidentin Kəlbəcərdəki çıxışında diqqəti cəlb edən nüanslardan biri onunla bağlı idi ki, biz Kəlbəcərə və Laçına qayıtdıq, Kəlbəcəri və Laçını 1992 və 1993-cü illərdə ermənilər işğal etmişdilər, bu işğalların reallaşmasında o zamankı Xalq Cəbhəsi və Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti xüsusi rol oynamışdı. Şuşa və Laçının işğal olunması bu qüvvələrin hakimiyyətə gəlməsi üçün yaşıl işıq yandırırdı və belə də olmuşdu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və o zaman AXC-Müsavat cütlüyü hakimiyyətdə idi. Bu işğalın baş verməsində onlar böyük məsuliyyət daşıyır. Prezident tarixdə olanları, sadəcə, dilə gətirdi, xatırlatdı. Xalq Cəbhəsi və Müsavat cütlüyü hakimiyyətinin yarıtmazlığı nəticəsində baş vermiş işğala İlham Əliyevin Ali Baş Komandanlığı altında son qoyuldu. Bu, tarixi hadisədir”.
Elman Nəsirov
Deputat qeyd etdi ki, məntiqlə yanaşsaq, gərək bu gün AXC-nin o zamandan qalan tör-töküntüləri Azərbaycan Prezidentini təbrik etməli, ona təşəkkürlərini bildirməliydilər: “Təşəkkür etməliydilər ki, onların yarıtmaz siyasətinin nəticəsi olaraq Kəlbəcər ermənilər tərəfindən işğal edilmişdi və bu gün Siz Ali Baş Komandan olaraq o torpaqları azad edib oraya qayıtmısınız, Kəlbəcəri və Laçını yenidən qurursunuz. Onlar Prezidentə minnətdar olmaq əvəzinə təəssüf ki, ənənəvi qaragüruhluqdan, şəxsi qərəzlərindən əl çəkmirlər. Özlərinin zamanında yol verdikləri səhv və xəyanətkar hərəkətlərə görə üzrxahlıq ifadə etmək əvəzinə yenə də həmişəki davranışlarında davam edirlər. Xalq Cəbhəsinin rəhbəri bu gün Azərbaycan Prezidentini Kəlbəcərə və Laçına getdiyi üçün hədəfə alıb. Cürbəcür iddialarla çıxış edirlər, guya Azərbaycan Prezidenti fərqli bir yolla oraya getməli idi. Onların bu cür mövqeyi tənqidə dözmür və özlərini xalqın hədəfinə çıxarır. Onlar hər zaman sürünüblər və 28-30 il bundan öncə necə idilərsə o cür əxlaq tərzi ilə də çıxış edirlər. Onlar nə qədər ki, buraxdıqları tarixi səhvləri etiraf etməyiblər, yenə də Azərbaycan ictimaiyyətinin yaddaşında qaragüruh və satqın kimi qalacaqlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

