Üçtərəfli razılaşmanın bütün bəndlərinin yerinə yetirilməsini tələb etmək Azərbaycanın haqqıdır- Partiya sədri
“Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi həmişəki kimi yenə də açıq qalmış bir sıra məsələlərə tam aydınlıq gətirmək baxımından və həm də istər Ermənistan rəhbərliyinə, istərsə də onlara havadarlıq edənlərə vacib mesajların ünvanlanması nöqteyi-nəzərindən olduqca əhəmiyyətlidir. Məhz bu səbəbdəndir ki, “CNN Türk”ün gerçəkləşdirdiyi bu müsahibə qardaş Türkiyədə böyük rəğbət doğurmaqla bərabər, eləcə də Ermənistan və Rusiyanın özündə də ekspertlər və KİV tərəfindən az qala mikroskop altında nəzərdən keçirilməkdə və geniş müzakirə olunmaqdadır.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov söylədi.
Sülhməramlılar mandatına uyğun davranmırlar
Partiya sədri qeyd etdi ki, Prezident İlham Əliyev bu müsahibəsində bir çox aktual məqamlara toxundu: “Biz həmin məsələlər arasında daha çox Ermənistanın üçtərəfli razılaşmaya əməl etməməsi, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində və dövlət sərhədimizdə ermənilər tərəfindən tez-tez təxribatlar törədilməsi, atəşkəsin pozulması, eləcə də Ermənistanın qanunsuz və məntiqsiz olaraq yenidən silahlandırılması kimi bir sıra çox önəmli məsələlərin üzərində dayanmaq istəyirik. Göründüyü kimi, 10 noyabr üçtərəfli razılaşmasının bir sıra bəndləri yerinə yetirilsə də, Ermənistan hələ də razılaşmanın əsas tələblərinə əməl etmir, Rusiya sülhməramlıları isə Ermənistanı bu razılaşmaya dair öhdəliklərini yerinə yetirməyə məcbur etməyə maraqlı kimi görünmür. Əksinə, razılaşmaya uyğun olmayan proseslər baş verir. Ermənistan revanşist təşəbbüslərə həvəsləndirilir, bu ölkə yenidən silahlandırılır, ordusu modernləşdirilir, üstəgəl Qarabağa yenidən Ermənistandan hərbçilərin daşınması prosesinə start verilib. Bütün bunlar ya Rusiya sülhməramlılarının gözü qarşısında, ya da ki, onların bilavasitə iştirakı ilə baş verir. Bir sözlə, sülhməramlılar öz missiyalarına, mandatına uyğun davranmır, əksinə, sanki sülhün əleyhinə çıxırmış kimi qeyri-adekvat davranış sərgiləyirlər.”
Bu prosesdə hələlik yeganə konstruktiv davranış sərgiləyən tərəf yalnız Azərbaycandır
Ə.Hüseynovun sözlərinə görə, Azərbaycan bölgədə gərginliyin qalmasında yox, əksinə, üçtərəfli razılaşmanın bütün şərtlərinin tam şəkildə yerinə yetirilməsində, Cənubi Qafqazda tezliklə sülhün, əməkdaşlığın bərqərar olmasında maraqlıdır. Təəssüflər olsun ki, eyni sözü üçtərəfli Bəyanatın digər subyektləri – Ermənistan və Rusiya haqqında demək mümkün deyil. Onlar sanki bütün davranışları ilə 10 noyabr və 11 yanvar razılaşmalarını qəsdən sabotaj etməyə çalışır və sanki Ermənistanın yeni müharibəyə hazırlanması xəttini yürüdürlər. Azərbaycan Prezidenti isə öz müsahibəsində tamamilə haqlı olaraq bütün bunlara son qoyulmalı olduğunu bildirdi: “Təbii ki, buna son qoyulmalıdır. Çünki bunun heç bir məntiqi əsası yoxdur. Nədir, Ermənistan yeni müharibəyəmi hazırlaşır?! Əgər belədirsə, onda biz qabaqlayıcı tədbirlər görəcəyik. Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
Ermənistanı “ağıllandırmaq” və ya sülhə məcburetmə missiyası
Müsahibimiz vurğuladı ki, bu, çox ciddi xəbərdarlıqdır. İlk növbədə Ermənistanın köhnə-yeni rəhbərliyi bu xəbərdarlıqdan düzgün nəticə çıxarmalı və məsuliyyətli davranmaq yolunu tutmalıdırlar. Əks təqdirdə, rəsmi Bakının önləyici tədbirləri özünü çox da gözlətməyəcək: “Burada ilk növbədə Rusiya sülhməramlılarının məsuliyyət zonasında anti-terror əməliyyatına başlanması gündəmə gələ bilər. Biz bu yolla həm sülhməramlıların yerinə yetirməli olduğu işi – Ermənistan ordusunun qalıqlarının Qarabağdan tamamilə çıxarılması işini, həm də Ermənistanın sülhə məcbur edilməsi missiyasını həyata keçirmiş olarıq. Dünya hərb tarixində və ərazi münaqişələrində hər iki təcrübəyə (xüsusən də sülhə məcburetmə təcrübəsinə) rast gəlmək mümkündür. Əgər Ermənistan bunu istəyirsə, Azərbaycan buna tam hazırdır. Sözügedən razılaşmalara əməl edilməyəcəyi təqdirdə, eləcə də həm Qarabağda, həm də dövlət sərhədimizdə ermənilər tərəfindən yeni təxribatların, silahlı insidentlərin baş verəcəyi halda, Azərbaycan yenidən öz “Dəmir yumruq”unun gücünə söykənməli olacaq. Bunun qarşı tərəf üçün nə kimi ağır nəticələrə gətirib çıxaracağını isə Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi və sülhməramlılar düşünməlidir.”
Üçtərəfli razılaşmanın yerinə yetirilməsini tələb etmək bizim haqqımızdır
Partiya sədri əlavə etdi ki, burada, həmçinin cənab Prezidentin Rusiya tərəfinin öhdəliklərini sözügedən müsahibədə bir daha xatırlatması da tam yerinə düşür. Bəli, vasitəçi tərəf kimi Rusiya da öz üzərinə düşən öhdəliklərə tam əməl etməlidir. Bu mənada “CNN Türk”-ə müsahibəsində cənab İlham Əliyevin Rusiyadan gözləntilərini olduqca incə şəkildə dilə gətirməsi təqdirəlayiqdir: “Doğrudur, Ermənistanda və Rusiyada bəzi qızışdırıcı qruplar bu mesajları fərqli şəkildə təqdim etməyə çalışırlar. Üçtərəfli razılaşmaların bütün bəndlərinin nöqtə və vergülünə qədər yerinə yetirilməsini tələb etmək bizim haqqımızdır”.
Rusiya sülhməramlı missiyanı üzərinə götürən ölkə kimi ortaya qətiyyətli mövqe qoymalıdır
Ə.Hüseynov bildirdi ki, Azərbaycan liderinin “CNN Türk” telekanalının müxbirinə verdiyi müsahibə rəsmi Bakının prinsipial və haqlı mövqeyini ortaya qoymağa xidmət edir: “Mövqe də ondan ibarətdir ki, 10 noyabr və 11 yanvar razılaşmalarının şərtləri qeydsiz-şərtsiz və həm də gecikmədən yerinə yetirilməlidir. Əks təqdirdə, Azərbaycan Ermənistanı sülhə məcburetmə hüququnu özündə saxlayır. Yeri gəlmişkən, 2008-ci ilin avqustunda Rusiya da məhz bu hüquqa istinad etdiyini bəyan edərək guya Gürcüstanı sülhə məcbur etmək məqsədilə hərbi əməliyyatlara başladığını bildirmişdi. Biz də eyni təcrübədən istifadə edib revanşist Ermənistanı davakar-təxribatçı mövqedən əl çəkməyə və real sülhə məcbur edə bilərik. Lakin bütün bunları anti-terror əməliyyatı keçirmədən də gerçəkləşdirmək mümkündür. Bunun üçün nə lazımdır? Bunun üçün ilk növbədə vasitəçi və sülhməramlı missiyasını üzərinə götürən ölkə kimi Rusiyanın ortaya iradə və qətiyyətli mövqe qoyması lazımdır.”
Sülhməramlıları Qarabağdan erməni hərbçilərin çıxarılmasını təmin etmək əvəzinə…
Partiya sədri xatırlatdı ki, 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatın altına imza atan Rusiya həmin Bəyanatın icra olunmamış iki bəndinin yerinə yetirilməsi (erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasına və Zəngəzur dəhlizinin açılmasına) üçün Ermənistana siyasi və diplomatik rıçaqlar vasitəsilə təzyiq etməlidir. Bu, Rusiya üçün elə də çətin məsələ deyil. Lakin əfsuslar olsun ki, real həyatda biz onu görürük ki, Rusiya sülhməramlıları Qarabağdan erməni hərbçilərin çıxarılmasını təmin etmək əvəzinə, əksinə, Laçın dəhlizi vasitəsilə Ermənistandan yeni hərbi qüvvələrin daşınmasına şərait yaradır. Və yaxud, sülhməramlıların nəzarət etdiyi ərazilərdə erməni silahlıları qanunsuz postlar qurmağa, süni təmas xətti yaratmağa çalışırlar. Əlbəttə, rəsmi Bakı bütün bunlara seyrçi qala, göz yuma bilməz. Dövlət başçımızın “CNN Türk”-ə müsahibəsi bir daha göstərdi ki, Azərbaycan həm sülh missiyasını davam etdirməyə israrlıdır, həm də regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına mane olan Ermənistanın revanşist cəhdlərini hərbi yolla ram etmək əzmindədir.

