AQTA məlumat yaydı
Ölkəmizdən Rusiyaya ixrac olunan kartof məhsulunda qonur çürümə bakteriyası aşkarlanıb.
ARANTV.AZ xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Araşdırma zamanı iki yük partiyası kartof məhsulunun Rusiyaya yerli logistika şirkəti ”ATRO Co” MMC tərəfindən daşındığı məlum olub.
Agentlik əməkdaşları logistika şirkətinin təchizatçısı Alim Əliyevin Masallı rayonunun Təklə kəndi ərazisində yerləşən təsərrüfatında fitosanitar müşahidələr aparıblar.
Müşahidələr zamanı kartof yığımı artıq başa çatdığından və ixrac olunan məhsul partiyası Azərbaycana qaytarılmadığından məhsullardan laborator analizlər üçün nümunələr götürmək mümkün olmayıb.
İxrac olunan məhsulun Rusiya mənşəli toxum materialından (“Udacha” çeşidi) yetişdirildiyi müəyyən edilib. Lakin nümunə qalmadığından toxum materialının da müayinəsini həyata keçirmək mümkün olmayıb.
Həmçinin, sözügedən bakteriyanın suvarma sularında öz mövcudluğunu saxladığı nəzərə alınaraq, həmin şəxsə məxsus ümumi sahəsi 10 hektar olan təsərrüfatdan, ətraf sahələrdən, habelə ərazidən keçən sulardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində fiziki şəxs Alim Əliyevə məxsus təsərrüfatdan götürülmüş torpaq nümunəsində kartofun qonur çürüməsi bakteriyası aşkarlanıb.
Bununla əlaqədar olaraq, Azərbaycanın baş dövlət fitosanitar müfəttişi tərəfindən sirayətlənmiş sahədə yerləşən torpaqlarda beş il müddətində qeyd olunan xəstəliyin əsas sahib bitkiləri – kartof, pomidor, badımcan, tütün, yerfındığı, bibər və pambıq əkininin dayandırılması, həmçinin, bu müddət ərzində təmiz par, buğda, yonca, lobya və qarğıdalı daxil olmaqla növbəli əkinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilib.

