Siyasət 

Əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirməkdir- Elşad Musayev

“Azərbaycanın işğaldan azad edilmiş əraziləri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı mütəmadi olaraq bu və ya digər azad olunmuş rayonlara səfərə edir, bölgənin inkişafına təkan verən addımlar atır, açılışlar edir, yaxud müvafiq sənədlər imzalayır. Bu yaxında Prezident, Kəlbəcər və Laçın rayonlarına səfər ediblər. Azərbaycan Prezidentinin bu səfəri, bir çox aspektlərdən tarixi-siyasi əhəmiyyət daşıyır. Cənab Prezidentin prinsipiallığı, qətiyyətli mövqeyi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində digər rayonlarımız kimi, Kəlbəcər və Laçın da işğaldan azad olundu. Bu, olduqca böyük tarixi nailiyyətdir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

E. Musayev bildirib ki, cənab Prezident Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir çox mesajlar göndərdi: “Verilən mesajlardan biri bu idi ki, Azərbaycan qısa müddətdə işğaldan azad etdiyi ərazilərdə yüksək quruculuq işlərinə başlamışdır. Səfər zamanı bir çox yeni tikililərin əsası qoyuldu. Mühüm siyasi əhəmiyyət daşıyan Laçın beynəlxalq hava limanının təməlqoyma mərasimi keçirildi. Dövlət bayrağının ucaldılması mərasimində bildirmişdir ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib. Bu da əsas vəzifələrdən biridir. Dövlət başçısı çıxışları zamanı Azərbaycanın qədim torpaqları ilə bağlı məsələlərə də yer ayırdı. Qədim Azərbaycan torpaqlarının tarixi adları ilə bağlı fikirlər səsləndirdi. Cənab Prezident tarixi adların bərpa olunmasını bildirməklə həmin torpaqların Azərbaycanın tarixi əraziləri olduğunu Ermənistana və onun havadarlarına, eyni zamanda, beynəlxalq ictimaiyyətə çatdırdı”.

Partiya sədri qeyd edib ki, Azərbaycan Prezidentinin və birinci xanım Mehriban xanım Əliyevanın Kəlbəcərə və Laçına səfəri, həm də Ermənistan üzərindən Qarabağda əmin-amanlığı pozmaq istəyən havadarlara mesaj idi: “Otuz ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe göstərir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə “yox” deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir. Ermənistan Azərbaycana qarşı hələ də ərazi iddialarından əl çəkmək, ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir. Ermənistan tərəfi anlamalıdır ki, bölgədə sülhün təmin olunması ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı prinsiplərinə riayət olunması əsasında həyata keçirilə bilər. Bölgədə dayanıqlı  sülhün davamlı olması üçün, məhz Ermənistanın da yeganə çıxış yolu üçtərəfli Bəyanatın icrasını təmin etməkdən keçir. Ona görə də, Ermənistan və havadarları sülhü və sabitliyi təhdid edən hərəkətlərdən əl çəkməlidirlər. Hazırda Ermənistanda istər siyasi, istərsə də iqtisadi vəziyyət çox ağırdır. Azərbaycanda isə işğaldan azad edilmiş torpaqlarımıza böyük miqdarda sərmayə qoyulur. Cəmi bir neçə ildən sonra azərbaycanlılar yaşayan bu ərazilər iqtisadi cəhətdən kifayət qədər inkişaf edəcək. Bu baxımdan Azərbaycanla sülh müqaviləsi bağlamaq Ermənistanın yeganə çıxış yoludur”.

Daha çox xəbərlər