Sosial 

Aliment artırıla bilərmi? – AÇIQLAMA

“Ana alimentin artırılmasıni tələb etdiyi kimi, ata da azaldılması üçün məhkəməyə müraciət edə bilər”.

Bu sözləri BiG.AZ-a açıqlamasında hüquqşünas Tağı Hüseynov deyib.

Onun sözlərinə görə, ailə məcəlləsində ümumiyyətlə alimentin miqdarının dəyişdirilməsi nəzərdə tutulub:

“Orada miqdar atırıla və azaldıla bilər. Məsələn, bir məbləğ təyin olunduqdan sonra kişinin maaşının artdığı barədə yeni məlumatlar əldə edilirsə, qadın alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldıra bilər.

Yaşayış minimumu haqqında qanunda dövlət tərəfindən uşaqlar üçün minimum sosial zəmbil nəzərdə tutulur və demək olar ki, hər il artırılır. Bu məbləğ 2021-ci il üçün hər uşağa 175 AZN-dir. Təbii ki, burada inflyasiya da nəzərə alınır. Köhnə aliment ödənişi ilə uşağa lazım olan ərzaq və digər ehtiyac məhsulları var ki, onların qiymətində artımlar olur, ona görə də alimentin miqdarı kifayət eləmədikdə, ana yenə də növbəti il alimentin artırılması ilə bağlı müraciət edə bilər. Qanunvericilikdə bu hallara icazə verilir”.

Bununla yanaşı, hüquqşunas qeyd edib ki, kişilər də alimentin azaldılması ilə bağlı müraciət edə bilərlər:

“Səbəb kimi ikinci evlilikdən olan uşaqlarını və ya iş yerindən arayış əldə edərək maaşlarının azalmasını göstərə bilərlər. Kişilərin də məhkəməyə müraciət etmə hüququ var. Bütün bunlar alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı ailə məcəlləsinin 112 ci maddəsində nəzərdə tutulur.

Aliment iki növ alınır:

1. Əmək haqqından çıxılır. Məsələn, bir uşağa görə əmək haqqının 1/4 , 2 uşağa görə 1/3, 3 və daha artıq uşağa görə isə əmək haqqının yarısı alınır. Bu, ailə məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulub.

2. Sabit pulun təyin olunur. Bizim ölkədə böyük əksəriyyətin rəsmi iş yeri yoxdur, müəyyən ticarət və digər xidmət sahələrində işləyirlər. Belə olduğu halda, yaxud qeyri müntəzəm gəliri olanlara, aile məcəlləsinin 78-ci maddəsinə əsasən, müəyyən sabit məbləğ təyin olunur.

Ana övladı 3 yaşına çatana qədər atadan uşaq üçün nəzərdə tutulan alimentdən əlavə, özü üçün də sabit pul məbləğində aliment tələb edə bilər. Çünki uşaq 3 yaşınadək südəmər olur, ana işləyə bilmir. Əlavə verilən məbləğ 50-100 AZN olur.

Bəzən alimenti müəyyən müddət gecikdirirlər. Bu, bir neçə ay davam edə bilər. Bununla bağlı əvvəl inzibati xətalar məcəlləsinin 528-ci maddəsində nəzərdə tutulan cəzalar tətbiq olunur, xəbərdarlıq edilir və ya 30 sutka həbs cəzası verilir. Daha sonra isə icra məmuru tərəfindən vaxt verilir. Ödəmədikdə, artıq 306-cı maddə ilə cinayət işi açılır. Cinayət işinin başlanması üçün Ədliyyə Nazirliyinə məktub göndərilir.

Ədliyyə Nazirliyi alimentin qəsdən, yoxsa çarəsizlikdən ödənilmədiyini araşdırır. Səbəb işsizlik olduqda, Məşğulluq İdarəsinə müraciət edilib-edilmədiyi soruşulur. Müraciət edib, qeydiyyata alındığı halda işlə təmin olunması ilə bağlı məktub gəlməyibsə və dəvət olunmayıbsa, bu, qəsdən ödəməmə sayılmır.

Əgər müraciət etmədən, evdə oturaraq aliment ödəməmək üçün bəhanələr gətirirsə, həmin adama cəzalar tətbiq olunur. Davam edici cinayət olduğu üçün, həbs cəzası alsa və azadlığa çıxdıqdan sonra yenə alimenti ödəməsə, o şəxsi eyni cəzalar gözləyir”.

Daha çox xəbərlər