23 yaşı tamam olan qəhrəman şəhidimiz – Şəhid Nağı Həşimov – VİDEO
Vətən Müharibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində qəhrəmanlıq göstərmiş və şəhadət məqamına yüksəlmiş hərbçilərindən biri də əsgər Həşimov Nağı Anar oğludur.
ARANTV.AZ xəbər verir ki, şəhid Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub.
O, 2005-2013-cü illərdə Gəncə şəhər İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə orta təhsilini davam etdirib.
2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib.
Nağı Həşimov 2015-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə “N” saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayıb.
Azərbaycan Ordusunun leytenantı olan Nağı Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nağı Həşimov sentyabrın 29-da Füzuli döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nağı Həşimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib./BAKU.WS

