Sosial 

Yoluxma sayı niyə artır? Həkim-infeksionistlərin rəyi

Yenidən sərt qapanmanın olmasını istəmiriksə…

Əfsuslar olsun ki, son günlər həm koronavirusa yoluxma, həm də xəstəlikdən ölənlərin sayında artım müşahidə olunur. Belə ki, statistikaya əsasən, avqustun 18-də koronavirus (COVID-19) infeksiyasına  yoluxma rekord həddə 4 129-a, avqustun 19-da isə koronavirus infeksiyasından  ölənlərin sayı 23 nəfərə qədər yüksəlib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib ki, son günlər Azərbaycanda da yoluxma sayında kəskin artım müşahidə edilir. Təəssüf ki, avqustun 1-də yoluxma 7 faizə yaxın idisə, bu gün 23 faiz yoluxma əmsalı görürük”.

Göründüyü kimi, ötən aylarla müqayisədə son günlər müşahidə olunan durum onu deməyə əsas verir ki, vəziyyət heç də qənaətbəxş deyil.

Bəs mütəxəssislər hazırkı epidemioloji vəziyyətlə əlaqədar hansı tövsiyələr verir və çıxış yolunu nədə görürlər?

ARANTV.AZ  sözegedən mövzu ilə bağlı infeksionistlərin fikirlərini təqdim edir:

Yoluxanlar arasında vaksin olunmuş şəxslər də var. Bu nə ilə bağlıdır?

Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə  fəlsəfə doktoru,  Referans Klinik Laboratoriya Mərkəzinin konsultant həkimi Həyat Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, son zamanlar yoluxma sayının artmasının əsas səbəblərdən biri odur ki, bir müddət əvvəl ölkələrarası gediş-gəlişə icazə verildi, mövsümlə əlaqədar olaraq insanlar istirahət üçün müxtəlif ölkələrə səyahət etdilər. Daha sonra da toy, nişan və digər şənlik mərasimlərinə icazə verildikdən sonra vətəndaşların həmin kütləvi tədbirlərdə iştirak etməsi  zamanı pandemiyadan qorunmaq üçün tələb olunan qaydalara riayət etmədikləri üçün COVID-19 kifayət qədər sürətlə yayıldı.

Mütəxəssis əlavə edib ki, virusa yoluxmuş şəxslər simptomları görürlər və buna uyğun hərəkət edirlər: “Amma, virusu xəbərsiz “gəzdirənlər” daha təhlükəlidir. Xüsusilə də hazırda gənclərin arasında bu virus daha çox yayılır və onlarda klinik göstəricilər özünü çox da büruzə vermir. Bu səbəbdən də,  həmin qrupa daxil olan şəxslər daşıyıcı olaraq tibbi maska taxmadıqları, gigiyenik qaydalara əməl etmədikləri və sosial məsafəni qorumadıqları üçün digər şəxslərə də virusu yayırlar.

Həmsöhbətimiz qeyd edib ki, yoluxma ilə yanaşı, xəstəlikdən ölənlərin sayı da artıb. Bunun müxtəlif səbəbləri ola bilər. Xüsusilə yanaşı xəstəlikləri olan şəxslər daha çox həyatlarını itirirlər. Artıq yetərincə antibiotik  terapiya və dərman preparatları qəbul edildiyi üçün rezidentlik yaranır və bu da problemi kəskinləşdirir. Eyni zamanda,  qaydalara əməl etmədikdə   virus  sürətlə yayılır və nəticədə “virus yükü” artır. Bu isə prosesin  kəskinləşməsinə və ağırlaşmasına səbəb olur.

Müsahibimiz hazırkı vəziyyətdən çıxış yolunu da göstərib: “İnsanlar tibbi maskadan düzgün istifadə etməli və kütləvi məclislərdən, insanların sıx olduğu yerlərdən uzaq olmalıdırlar. Vətəndaşlar özlərini kütləvi tədbirlər zamanı qoruya bilsələr, gigiyenik qaydalara əməl etsələr, problemin qarşısını müəyyən dərəcədə almış olarıq. Məsələn, ənənəvi dərslər zamanı otaqların yetərincə havalandırılması, lazımi fiziki məsafənin gözlənilməsi, sinifdə şagird sayının çox olmaması nəzarətdə  saxlanılmalıdır”.

H.Əliyeva vaksinləşmə prosesindən söz açarkən xatırlatdı ki, peyvənd olunanların sayı kifayət qədər çoxdur: “Bu, yaxşı nəticədir. Amma, eyni zamanda, vətəndaşlar müraciətlərində bildirirlər ki, yoluxanlar arasında vaksin olunmuş şəxslər də var. Bu nə ilə bağlıdır?  Məsələ burasındadır ki, əldə olunan vaksinlərin hamısı əlbəttə ki, virusun ilkin variantına qarşı idi. Zaman keçdikcə virus mutasiyalara məruz qaldığına görə, COVID-19 öz xüsusiyyətlərini, formasını, antigen xarakterini dəyişdirib.  Bax, bu dəyişmə ilə əlaqədər olaraq da peyvəndlər əlbəttə ki, 100 faiz öz effektivliyini göstərə bilmir.”

Mütəxəssis xatırladıb ki, yenidən sərt qapanmaların tətbiq olunmasını istəmiriksə, hər kəs virusdan qorunmaq üçün zəruri olan bütün qoruyucu tədbirlərə əməl etməlidirlər.

Bəzi peyvənd olunan şəxslər rahat olurlar ki, daha COVID-19-a yoluxmayacağam..

19 saylı Şəhər Poliklinikasının Baş həkiminin müavini Yeganə Cəfərova “İki sahil”ə açıqlamasında söylədi ki, yoluxma sayında müşahidə olunan artımların əsas səbəbi odur ki, “Əks göstəriş sertifikatı” ilə bağlı qəbul olunan qərardan sonra insanlar arxayınlaşıb və müxtəlif bəhanələrlə həmin  sertifikatı almağa çalışırlar. Müxtəlif bəhanələrlə günləri uzadırlar və vaksin olunmurlar. Bir daha qeyd edim ki, peyvənd olunmuş şəxslər COVID-19-a yoluxmayacaq deyə bir qayda yoxdu. Amma onlar virusa yoluxsalar belə, xəstəliyi yüngül keçirəcəklər və ölüm faizi azalacaq.

Y.Cəfərova çıxış yolunu vaksinasiya prosesində aktiv iştirak etməkdə görür və əhaliyə tövsiyə edir ki, xəstəliklərinin xroniki dövründə olanlar əks-göstərişə görə narahat olmasınlar. Həmin şəxslər ağır dönəmdən çıxdıqdan sonra istər remissiya dövründə, istərsə də sağalma müddətində onsuz da vaksini vurduracaqlar. Yəni, boşuna vaxt itirmədən öz sağlamlıqlarını fikirləşib zamanında vaksin olunsunlar.

Mütəxəssis vurğulayıb ki, vaksinlə bağlı kifayət qədər təşviqat aparılmasına baxmayaraq, əhali arasında yenə də peyvənd olunmaqdan yayınanlar var. Digər tərəfdən bəzi peyvənd olunan şəxslər rahat olurlar ki, daha COVID-19-a yoluxmayacağam. Bu, səhv fikirdir. Həmin şəxslər yenə də gigiyenik qaydalara əməl etməli, fiziki məsafəni gözləməli və kütləvi tədbirlərdən uzaq durmalıdırlar. Çünki bildiyimiz kimi, COVID-19 xəstəliyinin gedişatında hətta xəstəliyin asimptomatik gedişində də xəstə bilmir ki, o virusa yoluxub. Kimin immuniteti zəifdirsə xəstəli ağır keçirdə bilər.

Həmsöhbətimiz əlavə edib ki, yumşalma tədbirlərindən sonra iri ticarət mərkəzlərinin açılması, şənlik mərasimlərinin keçirilməsinə icazə verilməsi kütləviliyin yaranmasına və fiziki məsafənin qorunmasında çətinliyə səbəb oldu. Bu kimi hallar da son günlər yoluxma sayının artmasında əhəmiyyətli rol oynayıb.

Daha çox xəbərlər