Kənan Rövşənoğlu: “İnsanlar ona görə hər il Aşura hadisəsini qeyd edir ki…”
Fazil Mustafa: “Quranda Aşura, ümumiyyətlə ağlamaq, yas saxlamaqla bağlı anlayış yoxdur”
İlahiyyatçı Elşad Miri açıqlama verərək deyib ki, Quranda Aşura yoxdur. Sitat: “İslam dininin yeganə mənbəyi Qurandır. Quranda isə Aşura ilə bağlı heç bir mənbə yoxdur və bu, sonralar ortaya çıxmış bir məsələdir. Aşuranı bizə fərqli şəkildə təqdim edirlər. İmam Hüseyn Aşura günü haqq uğrunda qətlə yetirilib. Bunu dana bilmərik. Ancaq həmin şəxsin cənnətlik olduğuna inanırlarsa, insanlar özlərini niyə döyürlər?”
O bildirib ki, İslam dinində insanın özünü döyməyi ilə bağlı heç bir fikir yoxdur: “Peyğəmbərimizin sağlığında 6 övladı öldü. O, nə 6 övladına görə özünü döydü, nə də kiməsə bunu tövsiyə etdi. Hətta onun səhabələri belə özlərinə əzab vermədilər. Həmçinin səhabələri peyğəmbərin övladlarının yasına görə qan vermədilər və qan çıxarmadılar.
Rəvayətlərə görə, Yəhya peyğəmbəri və atası Zəkəriyyə peyğəmbəri qətlə yetiriblər. Allah Quranda peyğəmbərlər arasında heç bir fərq qoyulmamasını istəyir. Biz peyğəmbərlərə yas saxlamırıqsa, Aşuranı qeyd etməyimiz nə dərəcə düzgündür?”
Bəs digər ilahiyyatçılar bu mövzuda necə düşünür?
![]()
Kənan Rövşənoğlu
Dini ekspert Kənan Rövşənoğlu mövzuya bu cür şərh bildirdi: “Bilirsiniz, bütün müsəlmanların qıldığı namazın bir çox qaydaları heç Quranda əks olunmayıb. Amma kimsə demir ki, namazı Quranda deyilən formada qılmaq lazımdır. Ondan kənar qaydalar Quranda yoxdur, çünki bunun üçün hədis və sirə, yeni sünnə var. Heç bir müsəlman iddia etmir ki, Aşura Quranda gəlib, ona görə yas saxlayır.
Birincisi, İslamda ağlamaq qadağan olunmayıb. Quranda Yaqub Peyğəmbərin oğlu Yusif peyğəmbərə uzun illər ağlayaraq yas tutduğu qeyd olunur. Və bu, Quranda təqdir olunur, nəinki bəyənilmir. Bundan başqa, İslam Peyğəmbəri (s.ə.s) özü əmisi, Şəhid Həmzəyə göz yaşı töküb və onun üçün matəm mərasimi keçirib, bu günkü deyimlə. Elşad bəy də ilahiyyatçıdır, İslam tarixində baş vermiş hadisələrdən xəbərdardır. Yaxşı bilir ki, bir qrup müsəlmanlar – onların arasında Peyğəmbərin (s.ə.s.) səhabələri də olub – İmam Hüseynin (ə) Kərbəla çölündə amansızlıqla qətlə yetirilməsinə yas tutub, ağlayıb. Əlbəttə, həzrət İmam Hüseyn (ə) haqsızlıqla öldürülən nə ilk insandır, nə də belə görünür sonuncu olmayacaq. Amma Kərbəla hadisəsi həm miqyasına, həm də mahiyyətinə görə digərlərindən fərqlənir. Bir mənada dönüm nöqtəsi, haqq və batil qarşısında seçimin kamil nümunəsidir.
Ancaq eyni zamanda Aşura günü baş verənlər tarixdə misli az görünən faciə idi. Peyğəmbərin övladı, müsəlmanlar üçün əziz olan bir insan və Peyğəmbər (s.ə.s.) ailəsi müsəlmanlar tərəfindən, müsəlman hakimiyyətinin əmri ilə amansızcasına qətlə yetirildi və ailəsi, azyaşlı övladları əsir alındı. Bu müqayisə olunmayan faciəvi hadisə idi. Nə Peyğəmbərin (s.ə.s.) övladlarının gənc və uşaq yaşlarında ölümü, nə də digər peyğəmbərlərin qətli Aşura hadisəsi ilə müqayisə oluna bilməz. Bunlar tamam fərqli bir situasiya olub.
O ki qaldı matəm mərasimlərinin keçirilməsinə, burda əlbəttə, qınanılan, qəbul olunmayan elementlər var. Amma dediyim kimi, bu bir hökm deyil, hətta fərqli islam ölkələrində fərqli mədəniyyətlərdə matəm mərasimləri fərqli keçirilib. Hətta bir ailənin iki üzvünün belə matəmə münasibəti fərqli ola bilər. Biri atası öləndə başına, gözünə döyüb ağlayır, bir başqası kədərini daha sakit büruzə verir. Bu insan halıdır. İslam dinində “özünü döymək yoxdur” sözü özü gülüncdür. Heç bir dində özünü döymək qaydası yoxdur. Amma insanlar, fərqli inanc qrupları öz kədərini, sevgisini fərqli formada büruzə verir. Dediyim kimi, bu insanlara, mədəniyyətlərə görə dəyişir. Azərbaycanın özündə regionlarda arasında matəm, yaş mərasimi qaydalarında belə fərqlər var, o ki qala böyük İslam sivilizasiyası içərisində olmaya. İnsanlar ona görə hər il Aşura hadisəsini qeyd edir ki, bu müsibət, bu hadisə unudulmasın. Kədər hər zaman bir hadisənin unudulmaması üçün ən yaxşı vasitə hesab olunub. Kədər həm də birlik və barışmazlığın nümunəsidir. Baxın, hər bir dövlət onun müdafiəsi və qurulması uğurunda canını fəda edənləri unutmur, onları yad edir, onlar üçün abidələr, memoriallar inşa olunur. Çünki hər bir dəyər onun uğrunda edilən fədakarlıq qədər dəyərlidir. Həzrət Hüseynin (ə) Aşurası da İslam üçün edilən fədakarlıqdir. Ona görə də bütün zamanlarda yaşadılacaq”.

Fazil Mustafa
Millət vəkili Fazil Mustafa isə Elşad Mirinin fikirlərinə dəstək olduğunu bildirib: “Sözün düzü bu mövzu ilə bağlı rəy bildirmək istəməzdim, çünki dəfələrlə bu haqda danışmışıq. Lakin Azərbaycanın din siyasəti o qədər bərbad vəziyyətdədir ki, bu gün artıq hərbi hissələrimizdə belə mərasim keçirdilər. Bu, Azərbaycan dövləti üçün böyük bir təhlükə, faciədir. Bəli, Elşad Miri əslində düz deyir və bunun deməklə də böyük fədakarlıq edir. Amma bəzi ziyalılarımız var ki, onlar cəmiyyətin ”gözünə girmək” üçün paylaşımlar edib, deyirlər ki, “bəli, biz də Aşuranı keçirdik, bu Azərbaycan xalqının adətidir” və sairə. Əgər ziyalılar da bunu edirsə, deməli bu təkcə savadsızlıq deyil, həm də bir saxtakarlıq, riyakarlıqdır. Onlar “Taliban”dan sonra təhlükəni görmürlər.
Əlbəttə ki, Quranda Aşura ilə bağlı mənbə yoxdur. Ümumiyyətlə, Quranda özünü döymək, 40 gün yas saxlamaq amili varmı? Quranda ümumiyyətlə, yas saxlamaq, ağlamaq anlayışı yoxdur.
Hesab edirəm ki, daha böyük jurnalist toplumu bu prosesin özünə keçməlidir. Əks halda bu cür fikirləri səsləndirənləri “tək-tək dənləyib, yeyəcəklər”, eləcə də Elşad Mirini. Çünki onun qoruyucu mexanizmi yoxdur”.
Fazil Mustafa “Məhərrəmlikdə toy edilməsin” fikirlərinə də münasibət bildirib: “Bu, sadəcə axmaqlıqdır. Necə yəni bu ayda toy edənlərin xoşbəxtliyi 99 faiz sual altındadır? Azərbaycanın şimal bölgələrinin əksəriyyətində bu ayda da toy edilir. Ümumiyyətlə, toyun bura nə dəxliliyi? Bu axı insani, dünyəvi həyata aid olan məsələdir”.
Xalidə GƏRAY,

