“Birimizə nəsə olsaydı, şəhid qardaşım yadlarına düşəcəkdi” – Evi yanan şəhid ailəsi FƏRYAD EDİR
Bildiyiniz kimi, avqustun 16-da redaksiyamıza daxil olan şikayəti işıqlandırdıq. Lakin təəssüflər olsun ki, İcra Hakimiyyəti ilə əlaqə saxlaya bilmədik. Qaynar xətdən isə bizə İcra Hakimiyyətinin binasına yaxınlaşmağımız söylənildi.
Sonxeber.az olaraq, şikayətçi Zülfiyyə Zülfiqarovaya edə biləcəkləri müraciətlərlə bağlı məlumat verdik.
“Birimizə nəsə olsaydı, şəhid qardaşım yadlarına düşəcəkdi” – Evi yanan şəhid ailəsi FƏRYAD EDİRZülfiyyə xanımın sözlərinə görə, bu gün də, aradan 4 gün keçməsinə baxmayaraq, vəziyyət olduğu kimi qalır:
“Bizə nə bir sığınacaq, nə yaşayış yeri verildi. Eyni vəziyyətdəyik, dəyişən heç nə yoxdur. Bakı Şəhəri İcra Hakimiyyətinə, Səbail Rayon İcra Hakimiyyətinə getdik, Fövqəladə Hallar Nazirliyindən gəldilər, ərizə, daha sonra izahat yazdıq. Bu gün deputat, bizim təkidlərimizdən sonra isə “jek” gəldi. Müraciət edə biləcəyimiz hər yerə bildirmişik. Amma heç bir yerdən bizə geridönüş olmayıb. Hələ də gözləyirik”.
Qeyd edək ki, zərərçəkən ailələrdən biri Kürdəmir rayon Karrar qəsəbəsində şəhid Zülfiqarov Məlik Kamran oğlunun ailəsidir. Bizimlə əlaqə saxlayan isə şəhidin bacısı Zülfiyyə xanımdır. O, şikayətində bunları da qeyd edib:
“Faciəli gündən bu yana nə gündüzümüz var, nə gecəmiz . İki gün əvvəl yağış yağdı. Gecəni qorxuyla keçirtdik. Polislər binamız ilk yanan gün bizi evimizə buraxmadılar, təhlükəli olduğunu deyərək, içəri girməyi qadağan etdilər. Gecə saat 12 olmadan getdilər. O vaxtı bizi düşünən olmadı.
Dünən brifinq keçirilib. Məktəblərin, universitetlərin açılacağını eşitdim, çox pis oldum. Özüm 3-cü kurs tələbəsiyəm. Oxumaq üçün Bayıldan Əhmədliyə gedirəm. Qardaşım isə Bayılda yerləşən 51 nömrəli məktəbdə oxuyur. O, məktəbdən çıxıb evə tez gələcək. Bu qəzalı, təhlükəli şəraitdə olan evimizdə onu mən necə rahat tək buraxa bilərəm? Anam xəstədir, atam işdə olur. Bizim birimizə nəsə olsaydı, o zaman şəhid qardaşım yadlarına düşəcəkdi. Biz hər şeydən əvvəl şəhid ailəsiyik!”
Xatırladaq ki, şəhid Məlikin anası dövlətin şəhid ailələrinə verdiyi 10 min manat pulu Silahlı Qüvvələr Fonduna bağışlayıb.


