“COVID-19” əleyhinə olan vaksinlər insanlarda asılılıq yaradır? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bir çox ölkələrdə artıq 3-cü, 4-cü, hətta 5-ci doza vaksin vurulacaq. Bizim ölkəmizdə də bu cür xəbərlər səsləndirilir. Vaksinasiyanın dünyada sürətlə inkişaf etdiyi bir dövrdə beyində belə bir sual yaranır: bu qədər doza vaksindən sonra immunitet yenidən hər hansı adi bir xəstəliyə məruz qaldıqda vaksinə ehtiyac duya bilərmi? Yəni vaksin immunitetdə asılılıq yarada bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən infeksionist Akif Qurbanov bildirib ki, vaksin asılılıq yaradan preparat deyil:
“Vaksinasiyada məqsəd müvafiq xəstəliyə qarşı immunitet yaratmaqdır. O immunitetin də müddəti var. Həmin müddət başa çatdıqdan sonra təkrar doza vurula bilər. Dünyada da bununla bağlı fikirlər var ki, “COVID-19″ əleyhinə 3-cü doza vaksin ən çox risk qrupunda olan şəxslərə məsləhət görüləcək. Yəni bu, xəstəliyi daha ağır keçirənlərə və tibb işçilərinə aid ola bilər, çünki onların yoluxma ehtimalı daha çox olur. Təkrar dozaların vurulmasına səbəb yaranan immuniteti dəstəkləməkdir. Vaksin preparatlarına qarşı asılılıq termini ümumiyyətlə qəbuledilməzdir”.

