Məcburi köçkünlər Qarabağa nə zaman qayıdacaqlar? – AÇIQLAMA
“Bildiyimiz kimi, sentyabr ayının 27-si başlanan və 44 gün davam edən Vətən müharibəsində parlaq qələbə qazanaraq, 30 il müddətində Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızı düşmən tapdağından azad etdik. Müharibə bitdikdən sonra, Ali Baş Komandanımız işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinə start verib. Birinci mərhələdə, əlbəttə ki, təhlükəsizlik məsələləri həll olunur, minalardan təmizlənmə işləri aparılır”.
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Cavid Osmanov deyib.
O vurğulayıb ki, 3 rayonun mina xəritələri Ermənistan tərəfindən Azərbaycana təqdim edilib və bu xəritələrin bir neçə faizi doğruluğu ilə öz təsdiqini tapmaqdadır:
“Minalardan təmizlənmə prosesləri davam etdirilir. Bu proses isə uzun müddət vaxt aparır. Digər bir tərəfdən, paralel olaraq, bərpa işləri aparılır. Cənab Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə müharibə bitdikdən sonra dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfərlər edib və səfərlər çərçivəsində infrastruktur layihələrinin təməlini qoyub, həyata keçirilən işlərlə tanış olub və yeni tapşırıqlar veriblər.
Bu ərazilərimiz cənab Prezident tərəfindən “yaşıl zona” elan olunub, burada su elektrik stansiyasının tikintisinə başlanılıb. Külək və günəş yarımstansiyalarının tikintisi, 700 kilometrə yaxın avtomobil nəqliyyat yollarının çəkilməsi nəzərdə tutulub. Bu işlərin təxminən 80 faizi bu ilin sonlarına kimi yekunlaşacaq.
Artıq 3 beynəlxalq hava limanının tikintisi planlaşdırılır. Füzulidə bu işlər sürətlə həyata keçirilir, artıq ilk sınaqlara start verilib. Bütün ifrastruktur layihələri həyata keçirilməlidir ki, bundan sonra digər zəruri tədbirlər görülsün.
Zəngilan rayonunda 3 kəndin “ağıllı kənd” pilot layihələri həyata keçirilir. Ağalı 1, Ağalı 2 və Ağalı 3 layihələri artıq cənab Prezidentə təqdim edilib.
28 may 2021-ci il tarixində Ağdam rayonunun da planı Prezidentimizə təqdim olunub və artıq yenidənqurma işləri başlayıb. 30 il müddətində öz dədə-baba torpaqlarından didərgin düşmüş soydaşlarımızın qayıtması üçün zəruri tətbirlər görülür. Məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması üçün bir nömrəli məsələlərdən biri də təhlükəsizlik məsələsidir. Minalardan təmizlənmə işləri, əlbəttə ki, çox böyük maliyyə və vaxt tələb edir. Bütün bunlar həyata keçirilməsə, vətəndaşlarımızın o torpaqlara qaytarılması düzgün olmaz.
Burada ən vacib məqam vaxtdır. Köçürülmə işlərini minalardan təmizləmə prosesi gecikdirir. O torpaqlarda yenidən bayram keçirtmək üçün 30 il gözləmişik, bir az da səbr edək. Allahın izni ilə yenidən hər birimiz öz dədə-baba yurdumuza qayıdacayıq”.

