Cəbhədən Xəbər 

Azərbaycanın artan hərbi potensialı regionda yeni reallıqlar yaradıb

Azərbaycan son illər ərzində ordu quruculuğu sahəsində, silahlı qüvvələrin taktiki döyüş hazırlığının və maddi-texniki təminatının yaxşılaşdırılması, modernləşdirilməsi yönündə böyük uğurlar əldə etmişdir. Bu baxımdan dünyanın aparıcı ölkələri ilə hərbi, müdafiə və təhlükəsizlik sferasında əməkdaşlıq tam qanunauyğundur və Silahlı Qüvvələrimizin inkişafı baxımından böyük önəm kəsb edir. 44 günlük müharibədə böyük uğurla aparılmış hərbi əməliyyatlar zamanı dünya Azərbaycan Ordusunun hərbi hazırlıq səviyyəsini, texniki təminatını əməli fəaliyyətdə gördü. Əlbəttə, bu tarixi Zəfər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdiriyi ordu quruculuğu siyasətinin məntiqi nəticəsi oldu. Həmin siyasət, eyni zamanda, tərəfdaş ölkələrlə, o cümlədən Türkiyə, Rusiya, İsrail, Pakistan, Belarus və Avropanın bir sıra böyük dövlətlərilə hərbi əməkdaşlığın yüksək səviyyədə təşkil edilməsini özündə ehtiva edir.

Azərbaycan hər zaman regionda sülhə, əmin-amanlığa və əməkdaşlığa xidmət edən siyasət həyata keçirib. Təsadüfi deyil ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən enerji və nəqliyyat layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, bölgə ölkələrinin inkişafına və rifahına zəmin yaradıb. Azərbaycan paytaxtının NATO və Rusiyanın yüksək rütbəli hərbi komandanlığının görüşlərinə ev sahibliyi etməsi, ölkəmizin qlobal humanitar problemlərin müzakirə edildiyi beynəlxalq dialoq platformasına çevrilməsi dünya birliyinin diqqətini cəlb edir.

Silahlı Qüvvələrimizin müxtəlif beynəlxalq təlimlərdə və tədbirlərdə iştirakı, dünyanın qabaqcıl orduları ilə sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi təlimlər Ordumuzun döyüş qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, döyüş əməliyyatlarına hazır vəziyyətdə olan Silahlı Qüvvələrimiz 2016-cı ildə düşmənin təxribatlarına cavab olaraq həm Cocuq Mərcanlı kəndini və ona yaxın yerləşən Lələtəpəni, həm də Talış kəndi ətrafındakı yüksəklikləri düşmən tapdağından azad etmişdir. Bundan sonra 2018-ci ildən Naxçıvan istiqamətindəki Günnüt və onun ətrafında yerləşən Xunutdağ və Qızılqaya yüksəkliklərinin azad olunması Azərbaycanın mümkün hərbi əməliyyatlara hazırlıq məqsədi daşıyırdı. Günnüt kəndindən erməni işğalçılarının çıxarılması ilə yanaşı, ordumuz bu yüksəklikləri azad edərək Laçın dəhlizini tam atəş nəzarətinə götürmüşdü. Bundan əvvəl azad edilən Cocuq Mərcanlı ətrafındakı Lələtəpə və Talış yüksəklikləri Azərbaycana Füzuli, Cəbrayıl, Ağdərə və Suqovuşan istiqamətlərində düşmən manevrlərini məhdudlaşdırmağa şərait yaratmışdı.

Azərbaycan bu əməliyyatlar nəticəsində gələcək mümkün əks-hücum üçün mühüm təcrübə və potensial əldə etdi. Bundan sonra isə ötən ilin iyul ayında Tovuz hadisələri ilə başlayan və sentyabrın 27-də Qarabağ istiqamətində törədilən erməni təxribatları Azərbaycanın Vətən müharibəsinə başlaması və uğurlu əks-hücum əməliyyatları ilə 44 gün ərzində Qarabağı erməni işğalından azad etməsi ilə nəticələndi. Azərbaycanın Naxçıvan istiqamətində qazandığı Günnüt qələbəsi və azad edilən digər yüksəkliklər böyük Vətən müharibəsində Zəfərin qazanılmasında mühüm rol oynadı. Göründüyü kimi, bütün digər amillərlə yanaşı, ordumuzun beynəlxalq təlimlərdə iştirakı və hərbi təcrübə toplaması da öz mühüm sözünü dedi.

Təkcə son 10 il ərzində yeni poliqonların tikilməsi, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin qəbul edilməsi, əsgər və zabitlərimizin ölkə daxilində və xaricdə təşkil edilmiş təlimlərdə iştirakı mühüm amillərə çevrildi. Bundan əlavə, orduda təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin və maddi vəziyyətlərinin yaxşılaşdırılmasında böyük irəliləyişlər oldu.

Müdafiə potensialının gücləndirilməsi və müdafiə sənayesinin inkişafı ordu qarşısında yeni çağırışlar qoyurdu. Bu, müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını zəruri edirdi, ona görə də qısa müddət ərzində Azərbaycanın hərbi büdcəsi regionda bu sahəyə ayrılmış ən yüksək miqdara çatdı. Bu, müasir dövrün çağırışlarına cavab verən, yeni texnologiyalarla hazırlanmış müdafiə məmulatlarının alınmasını da şərtləndirirdi. Bakı aparıcı dövlətlərlə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edirdi və proses bu gün də yüksək səviyyədə davam edir. Azərbaycanda 1 000-dən artıq müdafiə təyinatlı məmulatların istehsal edilməsi, Azərbaycanın aerokosmik ailəyə daxil olması, ölkədə ADEX Müdafiə Sənayesi sərgilərinin təşkili də Bakının gücünü hər keçən gün artırırdı.

Azərbaycan 44 günlük müharibədə əldə etdiyi möhtəşəm Qələbə sayəsində bir çox nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində də öz mövqeyini kifayət qədər yüksəltdi. Dərc edilən son “Global Fire Power Index”nə görə Azərbaycan 2021-ci ildə 140 ölkə arasında artıq 64-cü yerdə qərarlaşıb. Ermənistan isə bu indeksdə artıq ilk yüzlükdə belə yer almır.

Daha çox xəbərlər