Vətənə məhəbbətin zirvəsi
Vətən uğrunda qəhrəmanlıq əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir. Bu gün ölkəmizin hər yerində abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, şəhidlərə həsr olunmuş guşələr yaradılır, şəhidlərin adına parklar, yeni yaşıllıq zolaqları salınır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsi qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin təntənəli açılış mərasimi də cənnətdəki ilk ad gününü qeyd edən şəhidimizin ruhuna sonsuz ehtiramın bariz nümunəsi kimi minnətdarlıqla qarşılanıb.
Masallı rayonunun Viləş kəndində bulaq- abidənin yaradılmasında kənd sakini, xeyriyyəçi Bəxtiyar Məmmədovun, vətənpərvər kənd sakinlərinin əməyini qeyd etmək xüsusilə vacibdir. Ona görə ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin ilk növbədə vətəndaşlıq borcudur. Açılış mərasimində çıxış edən iki şəhid anası – İntiqamın və Aprel döyüşlərinin şəhidi Nurlanın anası Ziba xanım övladlarının keçdiyi döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hissindən və uşaqlıqda onlara söylədiyi nağıllardan danışıb. “Hər iki oğlum mənim nağıllarımın qəhrəmanıdır” deyən şəhid anası deyib ki, böyük oğlu İntiqama həm Vətənin, həm qardaşı Nurlanın, həm də döyüş yoldaşlarının intiqmını almaq nəsib oldu.
Məğrur Azərbaycan anası Ziba xanım və onun ömür-gün yoldaşı Bayram kişi təkcə öz övladlarının deyil, ölkəmizin digər bölgələrindən olan şəhidlərimizin şəkillərindən ibarət foto-stentlər hazırlatdıraraq evlərinin hasarına həkk etiriblər. Bu görüntülər yodan ötüb-keçən hər kəsdə böyük iftixar hissi doğurur…
Tale elə gətirib ki, İntiqamla Nurlan təkcə qardaş yox, həm də döyüş yoldaşı olublar. Milli Ordumuzun sıralarında müvəqqəti hərbi xidmətini başa vurduqdan sonra gizirlik məktəbində oxuyaraq Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölüyündə xidmət ediblər. Uşaqlıqdan hərbçi olmaq istəyən hər iki qardaş bacarıqlı idmançılar idi. Karate, əlbəyaxa və qaydasız döyüş növlərini dərindən bilirdilər. Nurlanın adını İntiqam qoymuşdu. Aprel döyüşlərində Nurlan şəhadətə qovuşandan sonra İntiqam dünyaya gələn qızının adını şəhid qardaşının xatirəsini əziz tutaraq Nur qoydu. Gizir Nurlan Əsgərli Ağdərə istiqamətindəki döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. Viləş kəndinin girəcəyində indi Nurlan Əsgərlinin xatirəsini əbədiləşdirən küçə də var…
İntiqam Əsgərli isə Türkiyədə hərbi təlimdən sonra ön xətdə xidmət edirdi. Vətən müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və noyabrın 9-da qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İntiqam Əsgərliyə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. Ölümündən sonra layiq görüldüyü bu yüksək dövlət mükafatı atasının adını daşıyan oğlu körpə İntiqam Əsgərliyə təqdim olunub. Masallı şəhərinin mərkəzi küçələrindən biri İntiqam Əsgərlinin adını daşıyır.
Onu da qeyd edək ki, İntiqam Əsgərlinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimdə Vətən müharibəsində həlak olan hərbçi Xudayar Yusifzadənin anası İradə xanım, şəhid Sübhanın anası Mehriban Əbdürrəhmanova və başqa şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər. Çıxış edənlər – Masallı RİH başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Qarabağ döyüşçüsü, qazi İslam Əzimov və başqaları 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar.
Mərasim iştirakçıları Viləş kəndindən olan şəhidlərin, o cümlədən Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərlinin məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub, məzarlarının üzərinə qərənfillər düzülüb.
Həmin gün anım mərasiminin iştirakçıları İntiqam və Nurlan Əsgərli qardaşlarının böyüdüyü evə də baş çəkiblər. Nurlan da, İntiqam da bu o evin hər qarışında, hər əşyasında, hər divarında bir xatirə qoyub gediblər. Şəhid qardaşların tərcümeyi-halı qısa olsa da, döyüş bölgələrində göstərdikləri şücaət böyük romanların, müharibədən bəhs edən filmlərin mövzusudur. Elə Viləş kəndinin mərkəzində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin önündə Masallı Dövlət Kollecinin tələbə və müəllim kollektivinin iştirakı ilə aktyor Cəmaləddin Əliyevin quruluş verdiyi “Ölümümə inanma!” maraqlı ədəbi-bədii kompozisiyanın nümayişi də bu fikrimizin bariz nümunəsi idi. Tədbirdə Viləş kənd tam orta məktəbinin müəllim və şagirdləri qəhrəmanlara, şəhidlərimizə həsr olunmuş şeirlər ifa etdilər.
Avqustun 27-də isə Masallı rayon Mədəniyyət Mərkəzində Xalq Teatrının aktyorları Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivinin iştirakı ilə Vətən müharibəsinin qəhrəmanı İntiqam Əsgərlinin xatirəsinə həsr olunmuş “Ruhların qısası” adlı tamaşanı nümayiş etdirəcək. Tamaşada iki şəhid anası Ziba xanımın rolunu Xalq Teatrının həvəskar aktrisası Aybəniz Həsənova ifa edəcək. Birpərdəli və üçşəkilli tamaşa rejissor Camaləddin Əliyevin quruluşunda təqdim ediləcək. Səhnə əsərinin musiqi tərtibatı Ruslan Zahidov, səhnə tərtibatı isə Elsevər Əliyevə məxsusdur.“Ruhların qisası” tamaşası sosial şəbəkələr vasitəsilə canlı yayımlanacaq.





