Ukraynanın XİN rəhbəri Əfqanıstanda təyyarənin qaçırılması xəbərinə aydınlıq gətirdi – YENİLƏNİB
Ukrayna xarici işlər naziri Oleq Nikolenko müavini Yevgeni Yeninin Ukraynanın Kabildəki təxliyə təyyarəsinin silahlı şəxslər tərəfindən qaçırılması ilə bağlı açıqlamasını təkzib edib.
Bu barədə RBC-Ukrayna xəbər verib.
“Kabildə və ya başqa yerdə qaçırılan hər hansı Ukrayna təyyarəsi yoxdur. Bəzi KİV tərəfindən təyyarə ilə bağlı tirajlanan məlumatlar həqiqətə uyğun deyil”, – deyə Nikolenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın Əfqanıstandan təxliyə üçün göndərdiyi təyyarələr təhlükəsiz şəkildə ölkəyə qayıdıb. Bu günə qədər üç təxliyə reysi ilə 256 nəfər ölkəsinə qayıdıb.
Nikolenko deyib ki, Yenin diplomatların təxliyəni təşkil etmək üçün üzləşdikləri olduqca çətin vəziyyəti izah edib.
11:16
Keçən həftə ukraynalıları Əfqanıstandan təxliyə etməli olan Ukrayna təyyarəsi naməlum şəxslər tərəfindən ələ keçirilib və başqa sərnişinləri İrana aparıb.
Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin “Gromadske Radio”ya verdiyi açıqlamada bildirib.
Bazar ertəsi axşamı Əfqanıstandan vətəndaşları təxliyə etməli olan üçüncü təyyarə Ukraynaya gəlib, onun göyərtəsində 98 sərnişin, o cümlədən 41 Ukrayna vətəndaşı olub.
“Təyyarəmiz başqa insanlar tərəfindən ələ keçirilib. Çərşənbə axşamı günü faktiki olaraq bizim bir təyyarəmiz oğurlanıb – həmin təyyarə ukraynalıları aparmaq əvəzinə göyərtəsində naməlum sərnişin qrupu ilə İrana uçub”, – deyə Yenin qeyd edib.
O əlavə edib ki, vətəndaşları təxliyə etmək üçün növbəti üç cəhd də uğursuz olub, çünki sərnişinlər hava limanı ərazisinə gələ bilməyiblər.

