Siyasət 

Mehriban xanım Əliyeva mübariz Azərbaycan Qadını obrazını özündə canlandırır

Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin  tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Mehriban xanımı şəxsiyyət kimi, xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir. Bu gün Azərbaycan qadını deyəndə gözümüz önündə Şərqin ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova, İkinci Dünya müharibəsində Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olan aviasiya mayoru Leyla Məmmədbəyova, Milli Qəhrəmanlarımız Salatın Əsgərova və Gültəkin Əsgərova, gözəl insan, minlərlə insana gözlərinə nur bəxş etmiş, dünya şöhrətli oftalmoloq, Ümummilli Liderimizin həyat yoldaşı, Prezidentimizin anası Zərifə xanım Əliyeva canlanır. Müasir və qloballaşan dünyamızda Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə cərəyan edən taleyüklü məsələlərin həllində öz sözünü deyən, mübariz Azərbaycan Qadını obrazını özündə canlandırır. Mehriban xanım Əlıyevanın timsalında ilk növbədə ideal qadın və əsl Azərbaycan xanımı canlanır. Mehriban xanım Əliyevanın keçdiyi həyat yolu və çoxşaxəli fəaliyyəti hər bir gənc Azərbaycan qadının formalaşması baxımından bir nümunədir. Mehriban xanım Əliyevanın davranışı, həyat tərzi, insanlarla rəftarı, övladlarına verdiyi tərbiyə, ölkədə baş verən siyasi proseslərə münasibəti baxımından insanlığın parlaq siması kimi dəyərləndirilməlidir. Onun Cənubi Qafqazın ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının sədr müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi, 2004-cü ildən bu günə qədər Ulu Öndərin adını daşıyan Fondun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Nüfuzlu beynəlxalq təşkilatlar olan UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti Azərbaycan Respublikasınnı Birinci vitse-prezidenti seçilməsinin şərtləndirın amillərdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən xalq arasında xeyirxahlıq və ümid fondu olan Heydər Əliyev Fondunu xüsusi qeyd etmək lazımdır.  Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmış Fondun Azərbaycan musiqisinin, incəsənətinin, təhsil, mədəniyyət, idman, səhiyyə  və digər sahələrinin inkişafında rolu əvəzsizdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, Azərbaycan xalqının maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək Fondun qarşıya qoyduğu məqsədlərdəndir.

2020-ci ilin 10 noyabr tarixində əldə etdiyimiz Zəfər Qələbəsinə qədər mühüribə şəraitində yaşayan, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan, on minlərlə şəhid, qazi və müharibə veteranı olan bir ölkədə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi siyasətinin dəstəklənməsində, islahatların uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın böyük əməyi vardır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyətə başladığı ilk gündən bu günədək qısa zaman ərzində özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur.

Mehriban xanım Əliyevanın daxili siyasət sahəsindəki fəaliyyət istiqamətlərindən danışarkən dövlət idarəetməsində çevikliyin təmin olunması istiqamətində fəaliyyətin təşkili, ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, ölkə əhalisinin sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri, ölkədə idman hərəkatının davamlılığının təmin olunması, ekoloji problemlərin həllinə dəstək göstərilməsi, böhran zamanı effektiv idarəetmə, pandemiya zamanı əhalinin ehtiyaclarının qarşılanması və tibbi, sosial dəstək layihələrinin reallaşdırılması, işğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanın həyata keçirilməsini vurğulamaq lazımdır.

Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə minlərlə orta məktəb binası tikilmiş, əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təmin olunmuşdur. Təkcə 2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq istifadəyə verilməsi təhsilimizin inkişafına olan ən yüksək qayğıdır.

Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycan mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən, həssas əhali qruplarına qayğıkeş münasibət bəsləyib. Qazi və şəhid ailələrinin problemlərinin həlli isə hər zaman diqqətdə olmuşdur. Sağlamlıq məhdudiyyətləri məhdud olan uşaqların, tənha və ahıl insanların məskunlaşdığı Reabilitasiya Mərkəzləri, internat evləri, sosial xidmət müəssisələrinə vaxtaşırı baş çəkmək, qayğı göstərmək xalqımızda Mehriban xanım Əliyevanın timsalında “Ana Obrazı”nı formalaşdırıb.

Humanizm və çevikliyi öz fəaliyyətində ehtiva olunan bir keyfiyyət kimi formalaşdırmaqla təbii fəlakət, zəlzələlərdən əziyyət çəkənlərə operativ olaraq maddi mənəvi yardım göstərən Mehriban xanım Əliyeva Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, həmçinin Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi idmanımızın inkişafı naminə böyük işlər görmüşdür.

Əhalinin sağlamlığının daxili siyasətinin əsas xüsusiyyətlərindən biri olan ölkədə səhiyyə sisteminin inkişafı, xüsusilə, pandemiya dövründə yaşana biləcək böhranın qarşısını alınması istiqamətində atdığı addımlar, gördüyü işlər Mehriban xanım Əliyevanın peşəkarlığının təcəssümüdür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidendi olmaqla yanaşı UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi ölkəmizin beynəlxalq nüfuzunun artırılması Mehriban xanım Əliyevanın xarici siyasət sahəsindəki əsas fəaliyyət istiqamətlərindəndir. Dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsi, maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması missiyası, dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri, ölkələrarası dostluq və səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi layihələr Azərbaycanın dünya birliyindəki nüfuzunu artırmışdır. UNESCO-nun xətti ilə ölkəmizdə həyata keçirilən mədəni layihələr Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərir. Məhz bunun nəticəsində dünya insanı Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başlamışdır.

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva haqqında indiyədək çox kitablar yazılıb. Onun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir, təhsil sisteminin himayədarı və digər sahələrdəki fəaliyyəti geniş işıqlandırılıb, dövlətimiz və xalqımız qarşısındakı əməyi, gördüyü işlər qiymətləndirilib. Azərbaycan xalqının inkişafı,  dövlətçiliyimizin möhkəmlənməsi naminə Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində uğurlar arzu edirik.

Loğman Müslümov,

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini

Daha çox xəbərlər