Siyasət 

Mehriban xanım Əliyeva Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edir

Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin indiki səviyyəyə yüksəlməsində Mehriban xanım Əliyevanın böyük əməyi var. Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə 2004-cü il avqustun 13-də təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura müsahibələrindən birində bildirib ki, Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla UNESCO arasında sıx əməkdaşlıq yaranmışdır. Koişiro Matsuura diqqətə çatdırıb ki, Mehriban xanım Əliyevanın xoşməramlı səfir təyin olunmasından bir qədər əvvəl Qeyri-maddi mədəni irsin qorunması haqqında yeni beynəlxalq Konvensiya qəbul olunmuşdu. Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın məhz bu sahədə xoşməramlı səfir missiyasını üzərinə götürməsi həm Azərbaycan xalqı, həm region, həm də bütün dünya xalqları üçün müsbət əhəmiyyətli hadisə oldu, eləcə də Qeyri-maddi mədəni irsin qorunması üzrə yeni Konvensiyanın təşviqinə əhəmiyyətli dərəcədə töhfələr verdi: “Mehriban Əliyeva UNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir”.

Mehriban Əliyevanın UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev isə deyib: “Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bu, eyni zamanda, onun dinlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfə ilə bağlıdır. Bu töhfə ölkəmizin siyasətinin təzahürüdür. Çünki bu gün Azərbaycan dünya miqyasında sivilizasiyalararası dialoqa ən çox töhfə verən ölkələrdən biri kimi tanınır. Əlbəttə ki, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi Mehriban Əliyeva bu işə də çox önəmli töhfə verir”.

Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə böyük əhəmiyyətə malikdir. Bu məqamda qeyd edək ki, məhz Prezident İlham Əliyevin və UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nunQeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Ölkəmizin UNESCO ilə əlaqələrində digər mühüm bir hadisə isə 2013-cü il 2-8 dekabr tarixlərində Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının keçirilməsi olub. Məlumat üçün bildirək ki, sözügedən sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd edilib. Tədbirin ölkəmiz üçün ən önəmli nəticələrindən biri isə tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan çövkənin, yəni Azərbaycanda ənənəvi atüstü oyunun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi olub. Bununla da dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul edib. Bir sözlə, görünən odur ki, ölkəmizlə bu beynəlxalq qurum arasında səmərəli əməkdaşlıq var.

Öz növbəsində, UNESCO-nun baş direktoru İrina Bokova da Mehriban xanım Əliyeva ilə görüşlərində və çıxışlarında onun xoşməramlı səfir kimi Azərbaycan-UNESCO əlaqələrinin inkişafı və dünya mədəniyyətinə töhfələr baxımından fəaliyyətini yüksək qiymətləndirib. UNESCO-nun Baş direktoru Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında qənaətini belə ifadə edib: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün, UNESCO üçün şərəfdir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.

P.S. Avqust ayının 26-sı Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür. Bu əlamətdar gün münasibətilə Onu – qəlbi daim humanist duyğularla çağlayan mərhəmətli, şəfqətli Birinci xanımı təbrik edir, Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya can sağlığı, ailə səadəti arzulayırıq.

Teymur Babazadə,

YAP Lənkəran rayon təşkilatı Gənclər Birliyinin sədri

Daha çox xəbərlər