Sosial 

“Hazırda hamilə qadınlar və uşaqlar çox yoluxur”- infeksionist

“Yas məclislərində maska taxılması tələb edilməlidir”

Artıq dünyada və ölkəmizdə koronavirusun 4-cü dalğası fəsadlar törətməkdədir. Belə ki, ölkəmizdə 2 945 yeni yoluxma faktı qeydə alınıb, son sutka ərzində koronavirus infeksiyasından 32 nəfər ölüb.  Narahat doğuran məqam isə ölüm saylarının çoxalması ilə bağlıdır. Bir gün öncə isə  “Semaşko” xəstəxanasının yenidən koronaviruslu xəstələr üçün açılması da vəziyyətin kritikləşməsindən xəbər verir. Bu arada hamilə qadınlar arasında da koronavirusun  artdığı bildirilir. Bəs görəsən, bunun yeni doğulacaq uşaqlara mənfi təsiri varmı?  Üçüncü doza vaksinin vurulması aktuallaşır, hətta 4-5-ci dozalar da ola bilər deyilir. İlin sonuna kimi 50-60 faiz əhali vaksinasiya olunsa, virusla bağlı vəziyyət düzələcək, yoxsa yeni ştammlar gələcək? Deyirdilər ki, COVİD 19-dan sonra gələn ştamm zəifləmiş formada olacaq, amma “Delta” ilə əksi müşahidə olunur…

Bizimlə söhbətdə infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, koronavirusa yoluxan xəstələrin sayı artır və ağırlaşmış xəstələrin də sayı artır. “Yeni klinika” və Zığda yerləşən Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında artıq yer olmadığı üçün yeni “Semaşko” klinikası da COVİD xəstələri üçün açıldı. Əvvəlki dalğalardan fərqli olaraq, hamilə qadınlar arasında da, uşaqlar arasında da koronavirus yaylıb. Bu da “Delta” ştammı ilə əlaqədardır. Çünki bildiyimiz kimi “Delta” ştammı digərlərinə nisbətən 40-60 faiz daha sürətli yoluxur.

Mərdan Əliyev 

Uşaqların immun sistemi güclü olduğu üçün əvvəlki ştammlarda yoluxma olmurdu. Amma bu dəfə yoluxma sürətli getdiyi üçün, “Delta” ştammı ilə bağlı olaraq uşaqlarda da yoluxma müşahidə edilir. Hamilə qadınlarda yoluxma hamiləlik müddətində bir qədər təhlükəlidir. Niyə təhlükəlidir? Çünki hamiləlik müddətində bəzi, stereoid hormonlar ifraz olunur. Bu hormonlar da immun sistemin zəiflədilməsinə səbəb olur. Koronavirus belə hamilələrdə ağır gedişatlı ola bilir.  Amma belə ümumi götürəndə yəni nəzərə alsaq, ki, hamilə qadınların əksəriyyəti adətən cavan, sağlam olur, buna görə onlarda xəstəliyin gedişi çox da ağır olmur”.

İnfeksionist əlavə edib ki, vaksinasiya  yoluxmadan qorumur: “Amma xəstəlik yüngül və orta ağırlıqda keçir, ölümcül olmur. Sadəcə xəstəxana şəraitini əksər hallarda tələb eləmir. Vaksinasiyanın bir üstünlüyü bundan ibarətdir. Yoluxub-sağalanlarda isə təkrar yoluxma halı az qeydə alınır. Bu vaksinasiyadan daha effektli görünür, yəni təbii immunitet yaranır. Bu da onu deməyə əsas verir ki, karantin tədbirləri gücləndirilməlidir. İri marketlərə giriş maskasız qadağan olunmalıdır və toylar ləğv olunmalıdır, böyük toplantılar məclislər nəzarət olunmalıdır. Yas məclislərinə də ciddi nəzarət olunmalıdır. Orada maska taxılması tələb edilməlidir. Vaksin olunmayanlara qarşı da müəyyən tədbirlər görülməlidir”.

Bu arada Səhiyyə Nazirliyindən peyvənd olunmaq istəyən vətəndaşlara müraciət edib. Bildirilib ki, Vətəndaşlar randevu.its.gov.az saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Lakin bəzi vətəndaşlar koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn növbə götürmədən birbaşa olaraq tibb müəssisəsinə müraciət edirlər. Bu da təbii olaraq, tibb müəssisələrində sıxlığa səbəb olur. Peyvənd məntəqəsindəki tibb işçilərinin vəzifəsi onlayn növbə ilə poliklinikaya yaxınlaşan vətəndaşları peyvəndləməkdən ibarətdir. Tibbi personalın əsasən qadınlardan ibarət olmasını nəzərə alsaq, poliklinikaların həyətində yaranan növbənin onlar tərəfindən tənzimlənməsi çox çətindir. Bu işdə yardım üçün tibb müəssisələri yerli icra orqanlarına müraciət edəcək. Belə halların baş verməməsi üçün vətəndaşlarımızdan bir daha xahiş edirik ki, koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün https://randevu.its.gov.az/ saytından onlayn qaydada növbə götürsünlər və təyin olunan vaxta uyğun məntəqəyə yaxınlaşsınlar.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Daha çox xəbərlər