Ermənilərin Şuşa və Laçın dəhlizinə yaxın kəndlərdən köçməsinə imkan vermədilər- səbəb
Rusiya sülhməramlıları, yoxsa rusa arxayın olmaq?
Ötən həftə qanunsuz məskunlaşan ermənilərin Şuşa ətrafındakı Qaladərəsi və Sarıbaba kəndlərindən çıxacağı ilə bağlı xəbərlər yayılmışdı. Xəbəri erməni mənbələr yaysalar da cəmi iki gün sonra Ermənistan Müdafiə Nazirliyi təkzib edib.
Şuşa ətrafında gərginlik Ermənistana lazımdır. Bununla həm əsas strateji şəhəri psixoloji təzyiq altında saxlamağı, həm də bu şəhərə “iddialarından vaz keçmədikərini” göstərməyi planlayıblar. Bu kəndlər qala – şəhərdən uzaqda yerləşsələr də, Şuşanın inzibati ərazisinə daxildirlər. Bəs, nə oldu ki, erməni mənbələrinin özlərinin yaydığı bu xəbəri bir neçə gün sonra təkzib etdilər? Burada işğal illərində qanunsuz olaraq məksunlaşmış az sayda erməni ailələri deyirdilər ki, sülhməramlılar ərazini tərk ediblər və onlar da daha burada qalmaq fikrində deyillər. Laçınla Şuşa arasında yerləşən bu kəndlər Xankəndindən Ermənistana gedəcək yeni alternativ yolun tikintisindən sonra boşaldılmalıdır, beləliklə, Laçın dəhlizi tam Azərbaycanın nəzarətinə keçməlidir. Bu kəndlərin tez boşaldılması Laçın dəhlizinə nəzarəti sürətləndirə bilər ki, bu da Rusiya sülhməramlıların marağında deyil. Daima gərginlik onların işinə yarayır. Bu səbəbdən demək olar ki, ermənilərin kəndləri boşaltmasına həm də Rusiya sülhməramlılarının imkan vermədiyini söyləmək olarmı?
Siyasi və hüquqi strateji araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda zaman-zaman bu kimi məlumatlar yayılır. Lakin az sonra Ermənistanın ayrı-ayrı dövlət qurumları və vəzifəli şəxsləri tərəfindən təkzib olunur: “Ermənilərin qeyd olunan Şuşaətrafı kəndlərdən çıxarılması, ərazinin boşaldılması üçün Azərbaycan dövləti siyasi-diplomatik istiqamətdə addımlar atmaqdadır. Bunun nəticəsi olaraq ermənilər əraziləri boşaldacaqlar. Buna məcbur qalacaqlar. Çünki Azərbaycan dövlətinə aid olan ərazilərə ermənilərin qanunsuz olaraq məskunlaşdırılması baş verib. Bu isə Azərbaycana qarşı həyata keçirilmiş cinayətdir, həmçinin beynəlxalq qanunların pozulmasıdır. Hələ ki, bəzi ərazilərimiz bu gün də qanunsuz olaraq məskunlaşdırılmış ermənilərin nəzarətindədir. Həmin ermənilərin hələ də orada qalmaları rus sülhməramlılarına arxayın olmalarından irəli gəlir. Ermənistan isə bu cür vəziyyətlərdən istifadə bölgədə gərginliyi mümkün qədər artırmağa çalışır. Ermənistan gərginlikdə maraqlı olduğunu açıq nümayiş etdirir. Şübhəsiz ki, əgər rus sülhməramlılar istəsələr həmin kəndlərin boşaldılmasını təmin edə bilərlər. Görünür ki, hələ istəmirlər. İrəvan və havadarları münaqişənin guya hələ də həll olunmadığı rəyini, görüntüsünü yaratmağa çalışırlar. Bu baxımdan gərginlik olmasında maraqlıdırlar. Lakin cəhdləri əbəsdir. Ermənistanın son rıçaqları da əlindən alınmaqdadır. Azərbaycan hücum diplomatiyası ilə Ermənistana zərbələr vurmaqdadır. Ermənistan Azərbaycana aid olan əraziləri, kəndləri boşaltmağa məcbur olacaq. Onlar Rusiyaya ümid edirlər, ancaq ümidləri yenə puç olacaq. Sadəcə müəyyən zaman lazımdır. Biz məsələni demək olar ki, həll etmişik. Sadəcə xırda problemlər qalır ki, onların da həlli müharibə meydanında deyil, siyasi diplomatik meydanda həll olunmalıdır. Bununla belə, şübhəsiz ki, əgər Ermənistan revanş cəhdi etsə və müharibəni bərpa etməyə çalışacaqsa cavabını çox geniş miqyasda antiterror əməliyyatı və erməniləri ciddi zərbələrin vurulması ilə alacaq”.

Xəyal Bəşirov
Ekspert qeyd etdi ki, sülhməramlı missiyanı üzərinə götürmüş Rusiya dövlətinin üzərinə çox böyük məsuliyyət düşür. Rusiya, onun sülhməramlı qüvvələri qanunsuz məskunlaşmanın davam etməsinə yox, bu vəziyyətin aradan qalxmasına və kəndlərin ermənilərdən boşaldılmasına çalışmalıdır: “Unutmamalıdırlar ki, rus sülhməramlılarının burada olması müvəqqətidir. Əgər sülhməramlı missiya deyil, separatçılara stimul verən missiya həyata keçirəcəklərsə Azərbaycan qanunları tələb edir ki, onlar beş il tamam olmadan da Azərbaycan ərazisindən çıxarıla bilərlər. Azərbaycanın bu məsələni qoymağa tam hüququ çatır. Sülhməramlı missiya tərəfindən etinasızlıq və laqeydlik nümayiş olunacaqsa, nəticələri çox ağır olacaq”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

