Sosial 

Manatlıq taksilər avtobusa minənlərin həyatını təhlükəyə atır – BNA-dan AÇIQLAMA

“20 yanvar”, “Koroğlu”, “Əhmədli” və digər metrostansiyaların çıxışında fəaliyyət göstərən 1 manatlıq taksilər avtobusa minmək istəyən sərnişinlərin həyatını təhlükəyə atır. Həmin taksilər dayanacaqda saxlanıldıqları üçün sərnişinlər avtobuslara yolun ortasında minməyə məcbur olurlar. Təbii ki, bu da onların həyatlarını təhlükəyə atır.

Məsələ ilə bağlı BNA-nın baş katibi Mais Ağayev Sonxeber.az-a açıqlama verib.

O bildirib ki, şəhərin müxtəlif yerlərində müşahidə olunan bu vəziyyət qanunsuz sərnişindaşıma ilə bağlı olan məsələdir:

“Qanunsuz sərnişindaşımalar vətəndaşların rahatlığı və təhlükəsizliyi baxımından böyük risk daşımaqla yanaşı, həmçinin, nəqliyyat axınına da ciddi maneə yaradır. Bu cür hallar səbəbindən yollarda sıxlıq yaranır. Nəticədə isə əsasən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr olur. Eyni zamanda, avtobus dayanacaq məntəqələri zəbt olunduğundan, sərnişinlərin avtobusa minib-düşməsi təhlükəli hal alır.

Agentlik tərəfindən bu ərazidə dayanma-durma və parklanma qaydalarının pozulmasıyla bağlı həmin avtomobillərə qarşı tədbirlər görülür. Amma qanunsuz sərnişindaşımalara qarşı tədbir görmək bizim səlahiyyətə aid məsələ deyil”.

Daha çox xəbərlər