Fərqanə Qasımova ərinin oğurluq etməsindən danışdı
“Geri dönüşü olmayan bir yola getdi… ”
Xəbər verdiyimiz kimi, avqustun 24-də Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlanov həbs edilib. O, xalq artistinin evindən qızıl-zinət əşyaları və pul oğurlamaqda ittiham olunur. Zərərçəkmiş qismində tanınan şəxslər xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.
Məsələ ilə bağlı “Yeni Müsavat” olaraq Xalq artisti Alim Qasımovun mövqeyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova isə məsələyə sosial şəbəkədə reaksiya verib. Fərqanə Qasımova məsələni müzakirəyə çıxaranları qınayaraq, qeyd edib:
“Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli şərhləri oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Hər kəsin bir sınağı olur. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var.
Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin.
Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə, sadəcə, bizim ailə problemimizdir. Lütfən, qarışmayın”.

