Gündəm 

Azərbaycan (türk) əsgəri Əfqanıstanda ölməməli!

Əfqanıstanda qan tökülməsini kim istəyər ki?; Amma bunun bizim anaların gözüyaşlı, bizim uşaqların yetim qalması hesabına olmasını istəmərik…

Sülhməramlılarımızın anaları namaz üstə imiş… Əsgərlərimiz Əfqanıstandan çıxan gün Kabil aeroportu yaxınlığında baş verən terror aktı dünyanın əsas mövzusudur. Ölənlər də, yaralananlar da kiminsə oğlu, kiminsə qardaşıdır. Amma razılaşın ki, dünya lap çoxdan hamının dərdini öz dərdi sayan dünya deyil. Bəlkə də heç vaxt olmayıb da… 30 il uzanan Qarabağ işğalını yada salmaq kifayətdir.

369296.jpg (91 KB)

Əslində, Azərbaycanın 2002-ci ildən Əfqanıstanda olan məhdud sayda sülhyaratma missiyasının “Taliban” hakimiyyətə gələn kimi ölkədən çıxarılmasını zəruri edirdi. Biz niyə zabitimizin, əsgərimizin həyatı ilə risk etməliydik ki? Əfqanıstanda onsuz da pambıq kimi kövrək olan sülh pozuldusa, bizim sülhməramlıların da orada görəcəyi bir iş qalmırdı. Dünyanın supergücü ABŞ deyirsə ki, əsgərimi çıxarıram, Azərbaycanın 120 nəfərlik məhdud kontingentinin orada qalmasının anlamı nə ola bilərdi? Biz qardaş Türkiyə ilə neçə il idi ki, Əfqanıstanda bu missiyanı birgə aparırdıq və onlardan ayrılıb Bakıya qayıtmağımız da, əlbəttə ki, doğru qərar olmazdı. Türkiyə də, zənnimcə, orada bir qədər ləngidi, “Taliban”ın “biz ölkəmizdə Türkiyə əsgəri istəmirik” deməsini gözləməmək də olardı. Türkiyə Kabil aeroportunu neçə ildir qoruyurdu və Prezident Ərdoğan bu gün onu da deyib ki, “Taliban”la 3 saatlıq görüşdə Ankaraya bu işi davam etdirmək təklifi edilib.

_119950822_turk_sulhmeramli_capture.png (37 KB)

Türkiyənin Əfqanıstandakı çıxarlarının və dövlət maraqlarının dərin qatını ,əlbəttə ki, Ərdoğan hamıdan yaxşı bilir. Türkiyə beynəlxalq aləmdə mövqeyini gücləndirir və harada durmaqlarını, haradan çıxacaqlarını özü müəyyən edir. Amma Türkiyə “Taliban”la anlaşıb Əfqanıstanda qalacaqsa, bu o demək deyil ki, mehmetcik hədəf olmayacaq. Əksinə, son terror aktı göstərdi ki, artıq İŞİD bu ölkədə boy göstərməyə başlayıb, ardınca “əl-Qaidə” də xortlayacaq, üstəlik, müxtəlif tayfaların, silahlı qruplaşmaların “Taliban”a təslim və ya tabe olacaqları da şübhəlidir. O səbəbdən Ankara əsgərini Suriyada, İraqda olduğu kimi, burada da risk altına qoymamalıdır.

ABŞ Əfqanıstandan o səbəbdən çıxır ki, burada bir xaos yaransın, sonra bu xaos daha geniş ərazilərə yayılsın, Rusiyanın başı bir tərəfdən də bu təhlükəni önləməyə qarışsın, Vaşinqtonun hərbi bazalarını Moskvanın təzyiqi ilə ölkələrindən çıxaran digər Mərkəzi Asiya ölkələri də bərbad günə qalsın. Bu xaos planı isə bu gün olmasa da, sabah, o biri gün Türkiyə əsgərini də hədəfə gətirəcək.

Без названия.jpg (13 KB)

Teraktda ABŞ əsgərlərinin də həlak olması Vaşinqton üçün ciddi zərbə oldu, bunu gözləmirdilər. Prezident Co Bayden Bakı vaxtilə gecəyarı keçirdiyi mətbuat konfransında hədsiz məyus idi, məsuliyyəti üzərindən atmasa da, sonda dedi ki, Tramp administrasiyası “Taliban”la hələ may ayında razılığa gəlibmiş. Ağ Evə vəd verilibmiş ki, ABŞ əsgərləri heç bir halda hədəfə alınmayacaq.

Əsgər başqa bir ölkədə həlak olursa, bunun izahını istənilən halda, vermək çətindir. Bayden o səbəbdən çıxılmaz vəziyyətə düşdü. Başqa bir ölkədə əli avtomatlı əsgər varsa, onun adı nə qoyulursa-qoyulsin, işğalçı hesab olunur. Fərqi yoxdur, sənin papağının, beretinin rəngi BMT-nin bayrağında var, ya yox… Türkiyə indi dəngələri çox qarışmış ölkədə əsgər saxlamağa, hətta sayını artırmağa çalışırsa, gərək ki, bu cür xain hücumlara da hazır olsun. Türkiyənin bu cür hücumları önləmək üçün yetərincə gücü var. Amma biz NATO-nun ikinci böyük ordusuna sahib Türkiyə deyilik. Türkiyənin maraqları bizim də maraqlarımızdır deyə bilərik, amma elə məsələlər var ki, dövlətlər özləri təkbaşına qərar verməlidir.

images.jpg (12 KB)

Şəxsən mən bir əsgərimizin belə, indən sonra Əfqanıstanda qalmasına qarşıyam. 44 günlük Vətən müharibəsində 3 min itki vermişik. Yaralarımız hələ o qədər üzdədir ki, bunu, şübhəsiz, illərlə hiss edəcəyik. Əfqanıstanda qan tökülməsini, anaların gözüyaşlı, uşaqların yetim qalmasını kim istəyər ki? Amma bunu bizim anların gözüyaşlı, bizim uşaqların yetim qalması hesabına olmasını da istəmərik. Biz Əfqanıstanda qanı dayandıra biləcək gücdə olsaydıq, bunu edərdik. Təəssüf ki, bu məsələlər bizi aşar, bu çox dərin, çoxbaşlı bir oyundur ki, biz bu təhlükədən uzaq olmalıyıq. Hətta Türkiyəmizi də buna inandırmalıyıq….

Nazim Sabiroğlu,
Musavat.com

Daha çox xəbərlər