Azərbaycanda olan mal-qaranın məhsuldarlığının az olmasının səbəbləri açıqlandı
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun ərazisində seleksiya fermasının yaradılması istiqamətində işlər davam etdirilir.
Bu barədə “Report”a Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda institutun nəzdində olan damazlıq fermasında yeni mal-qara növlərinin, mələzlərin və cinslərinin yaradılması istiqamətində işlər aparılır.
M. Hacıyev qeyd edib ki, yerli cinslərlə xaricdən gətirilən cinslər çarpazlaşdıraraq yeni mələzlər (başqa-başqa cinslərin çarpazlaşdırılmasından yaradılmış) alınmaq üzrədir: “Mələzlərin Azərbaycan şəraitinə uyğunlaşmasını istəyirik. Gələn il əvvəlki illərlə müqayisədə daha məhsuldar mələzlər əldə etmək istəyirik. Avropadan “İl de Frans”, “Suffolk”, “Lakon”, “Merino Landşaf” və Tacikistandan “Hisar” qoyun cinsləri gətirilib. Fermada Azərbaycanın müxtəlif bölgələrindən olan “Qala”, “Qaradolaq”, “Bozax” qoyun cinsləri xaricdən gətirilən qoyun cinsləri ilə çarpazlaşdıraraq ilkin mələzlər (Lakon X Bozax) əldə edilib. İlk mərhələdə alınan mələz heyvanlar F1 qolu sayılır. Heyvandarlıqda cins əldə etmək prosesi uzundur. Bu proses qoyunçuluqda və maldarlıqda 5 ildən 10 ilə qədər müddəti əhatə edə bilər. Həmçinin, sürünün formalaşdırılması istiqamətində iş aparılır. Bu istiqamətdə seleksiya proqramı hazırlanır və gələcəkdə onun əsasında işlər davam etdiriləcək”.

