Vətən müharibəsinin bütün iştirakçıları dövlət qayğısı əhatə olunublar
44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi qələbə bütün cahana yayılmışdır. Ali Baş Komandanın qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Şanlı Ordumuz mənfur düşmən üzərində qələbə qazanmışdır. Əlbətdə ki, bu Zəfərin əldə edilməsində neçə-neçə igid Azərbaycan oğullarının qəhrəmanlığı və şücaəti mühüm rol oynamışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsi iştirakçıları da dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır, şəhid ailələri, müharibə veteranları hərtərəfli diqqət və qayğı ilə əhatə olunurlar. Müharibədən sonra fəsadları aradan qaldırmaqla yanaşı zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hər tərəfli qayğı dövlətin ən əsas vəzifələrindəndir. Bu istiqamətdə də dövlət tərəfindən təsis edilmiş müxtəlif təyinatlı fondlar, həyata keçirilən tədbirlər bunun bariz nümunəsidir.Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar zamanı əlil olmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verir. Artıq Fond tərəfindən bu sahədə kifayət qədər tədbirlər həyata keçirilib və keçirilməkdədir. Fond yaradılmasında əsas məqsəd Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsini təmin etməkdir.
Şəhid ailələrinin və qazilərin sosial rifah halının və ailə məişət vəziyyətinin yaxşılaşdırılması məqsədilə mənzillər və avtomobillər verilmişdir. Sakini olduğumuz Pirallahı rayonunda da şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı sonsuzdur. Bu təbəqədən olan insanlar mənzillərlə təmin edilmiş və digər sosial problemləri həll olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Bu da ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Bu dövlət xidmətlərinin əlçatanlığı Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir.
Eyni zamanda müharibə dövründə mülki əhalimizə dəyən maddi və mənəvi ziyan da dövlətimiz tərəfindən ödənilir. Bu Azərbaycan dövlətinin humanizm prinsipləri əsasında idarə olunduğunun bariz nümunəsidir. Ermənistandan fərqli olaraq Azərbaycan məsuliyyətli və ləyaqətli müharibə aparan ölkədir. Müharibə dövründə Azərbaycan əsgəri mülki erməni əhalisinə bir güllə belə atmamışdır. Lakin mənfur cinayətkar Ermənistan ordusu gecə saatlarında ağır artreliya atəşləri ilə mülki əhalimizin yaşadığı ən böyük şəhərlərimizi atəşə tutmuş, çoxlu sayda Azərbaycan vətəndaşı həlak olmuş və yaralanmışdır. Bu Ermənistanın əsl cinayətkar siyasətinin mahiyyətini göstərən ən bariz nümunədir. Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlaması və bu regionda maddi və mənəvi terrorlar törətməsinə görə beynəlxalq hüquq normaları qarşısında mütləq cavab verəməlidir. Ermənistanın bu cinayətlərinə göz yuman dünya birliyi tarixin ən böyük ədalətsizliyini edərək gələcək bəşəriyyət qarşısında günahkar kimi qalacaqdır.
Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması da strateji və prioritet məsələlərdəndir. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bəli, görülən işlər Azərbaycanın öz üzərinə düşən vəzifələrini icra etməsindən, Bəyanatın bütün bəndlərinin ardıcıl və düzgün yerinə yetirilməsində maraqlı olmasından xəbər verir. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaqdır.
Xalqımız öz torpaqlarını düşmən tapdağından xilas edərək şanlı tariximizi yazmışdır. Bu gün bütün sərhədlərimizə tam nəzarət edən Ordumuz hər zaman düşmən təxribatının qarşısını vaxtında almağa qadirdir. Heç kimə sirr deyil ki, Ermənistan heç zaman müstəqil siyasət yürütməmişdir. Hər zaman Rusiyanın forpostu olan Ermənistan öz kölə ideologiyasından çıxa bilməmişdir. Gündən günə qüdrətlənən və çiçəklənən Azərbaycan Respublikası Qafqazın ən böyük geopolitik gücə sahib olan dövlətidir. Bütün beynəlxalq və regional layihələrin həyata keçirilməsində ölkəmiz söz sahibidir. Bundan sonra bütün daxili və xarici siyasətimiz daha da güclənərək dünyaya öz liderlik xüsusiyyətini bəyan edəcəkdir.
Fazil Məhəmmədov,
Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü

