Böyük Qayıdışın ilkin mərhələsi başlandı
Firudin Kərimov: Azərbaycan Prezidenti Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya göstərdi
“Bildiyimiz kimi, Prezident İlham Əliyev avqustun 29-da azad olunmuş torpaqlarımıza növbəti səfər edərək quruculuq işləri ilə tanış olub və tədbirlərdə iştirak edib. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən, Molla Pənah Vaqif Poeziya Günlərinin rəsmi açılışında Prezident İlham Əliyev elan etdi ki, gələn il biz Şuşanın 270 illiyini təntənəli surətdə keçirəcəyik”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Qorqud Partiyasının sədri Firudin Kərimov deyib.

F. Kərimov bildirib ki, Qarabağın azad olmasından sonra orada milli kulinariya, musiqi mədəniyyətimiz, şair-mütəfəkkirlərimiz və s. qədim mədəni irsimizlə bağlı tədbirlərin keçirilməsi o deməkdir ki, xalqımız incə ruhlu və ən qədim mədəniyyətə malik xalqdır: “Bu xalq on ğilliklər keçməsinə baxmayaraq, Vətənə qayıdan kimi öz mədəni irsinə sahib çıxıb öz qədim mədəniyyətini bərpa edir. İşğal müddətində ermənilər şəhər və kəndlərimizi dağıtmaqla məşğul olublar ki, bu da onların buralara gəlmə olduğunu bir daha sübut edir. Təkcə Şuşada 17 bulaq var idi ki, ermənilər bunların hamısını qurudublar. Ümumiyyətlə, erməni vəhşiliyinin əlavə sübutlara ehtiyacı yoxdur. Prezident İlham Əliyev bir çox faktları nəzərə çatdırmaqla Qarabağın əsl sahibinin kim olduğunu bütün dünyaya göstərdi. Onun verdiyi mesajlar arasında əsas göstərici mədəni xalqla əsli-kökü olmayan qəsbkar xalq arasındakı fərqdir. Biz dünyanın ən qədim və mədəni xalqıyıq və uzun müddət öz elimizdən ayrı düşsək də qayıdan kimi ilk işimiz öz mədəniyyətimizi bərpa etməkdir. Kamil insanla heyvani hisslərə sahibinsanın arasındakı fərq məhz budur. Şuşanın baş planında da əsas meyar qədim arxitekturanın nəzərə alınması olmuşdur ki, bildiyimiz kimi bunun üçün qədim üslubun yeniliklə vəhdəti əsas götürüləcəkdir”.
Partiya sədri qeyd edib ki, Azərbaycan Prezidentinin işğaldan işğaldan azad olunmuş rayonlara səfərləri və bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən mühüm əhəmiyyət kəsb edir: “Prezidentin Qarabağa bu səfəri zamanı, Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıq da yaddan çıxmayıb. Belə ki, bu hava limanı Qarabağın hava qapısıdır və təbii ki, dünya ilə əlaqənin əsas vasitəsidir. Deyilənlərə görə bu hava limanı artıq bu il tam istifadəyə veriləcəkdir. İşin gedişatı ilə tanışlıq da göstərir ki, inşaallah bu ildən Qarabağın dünya ilə əlaqəsi bu hava limanı vasitəsilə həyata keçəcəkdir. Bütün bunlar o deməkdir ki, Qarabağa Böyük Qayıdışın ilkin mərhələsi başlanmışdır. Tikililərin sürətlə aparılması və orada həyatın bərpası üçün görülən işlər də bizə ümid verir ki, şox qısa müddətdə biz Qarabağımız tam qayıdacağıq. Allah bu müqəddəs işimizdə bizə kömək olsun. Dövlət başçımızın dediyi kimi, indi Natəvanın, Üzeyir bəyin, Bülbülün ruhları şaddır”.

