Füzuli aeroportu: Qarabağın hava qapısı
2020-ci il sentyabrın 27-də başlayan və tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi qəhrəman Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan 30 illik erməni işğalına son qoyaraq tarixi ədaləti bərpa etdi. Ölkəmizin başçısının dediyi kimi, münaqişə bitib, tarixə qovuşub, indi işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri gündən-günə sürətlənir. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərə ardıcıl səfərləri, infrastruktur obyektlərinə baş çəkməsi və işlərin gedişi ilə şəxsən yaxından maraqlanması dövlətin bu prosesə diqqətinin bariz nümunəsidir. İşğaldan azad olunan rayonlarda bu cür müasir infrastrukturun qurulması bölgəni həm xarici sərmayələr, həm də turizm üçün cəlbedici məkana çevirir. Bunun üçün bütün zəruri infrastruktur, dəmir yolu və hava limanlarının da inşası aparılır. Bu ərazilərdə 3 Beynəlxalq Hava Limanı fəaliyyət göstərəcək. Belə ki, Füzuli aeroportunda işlər ən yüksək səviyyədə davam etdirilir. Zəngilanda və Laçında hava limanının təməli qoyulub.
Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq. Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə Qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli Beynəlxalq Hava Limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
Bundan başqa, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Həmçinin Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, eyni zamanda, aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Füzuli Beynəlxalq Hava Limanına gedərkən çəkilən videogörüntüdə dövlətimizin başçısı deyir: “Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.
İşğaldan azad olunmuş ərazilərdə aeroportların inşası, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun iqtisadi inkişafına böyük töhfələr verəcək. Bu dəhliz vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycana quru yolla birləşdirilməsi də bu tarixi diyarımızın Azərbaycan iqtisadiyyatına daha da reinteqrasiyasına səbəb olacaq. Dövlətimizin başçısının vurğuladığı kimi, Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Bu dəhlizin ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizlərindən başlayaraq Cənub- Şərqi Asiya və Mərkəzi Asiya ilə Avropa arasındakı nəqliyyat-logistika xətti olacaq. Zəngəzur dəhlizi Azərbaycanı öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşdirəcək.

