Siyasət 

“Zəfər Yolu” ilə rahat gediş-gəliş təmin olunub” – agentlik

Azad olunan torpaqlarda yeni yolların inşası sürətlə həyata keçirilir

Uzunluğu 101.5 kilometr olan “Zəfər Yolu”nun tikintisi yekunlaşmaq üzrədir.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Musavat.com.-a bildirildi ki, artıq son tamamlama işləri görülür. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli işlərin tam olaraq yekunlaşacağı tarix barədə məlumat verdi:

“İşlərin  tam olaraq sentyabrda yekunlaşdırılması nəzərdə tutulur. Tikinti başa çatmaq üzrədir. Ötən gün dövlət başçısı da tikintinin gedişatı ilə tanış oldu. 101 kilometrlik yolun 92 kilometrinə asfalt-beton örtüyü döşənib. 31 kilometrlik hissə  ikiqat olmaqla asfalt-beton, 61 kilometrlik hissə birqat olaraq inşa edilib. Digər 8-9 kilometrlik hissədə isə işlər davam etdirilir.  Ərazidə son tamamlama işləri görülür. Zəfər yolu ikinci texniki dərəcəyə uyğun olaraq üç zolaqlı inşa olunur. 4 körpünün inşasında da tamamlama işləri yekunlaşır. O cümlədən müxtəlif drenaj quyuları, düzbucaqlı borular, suötürücü dairəvi boruların tikintisi də yekunlaşdırılıb”.

Qeyd edək ki, artıq “Zəfər Yolu” ilə rahat gediş-gəliş təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Xatırladaq ki, Müzəffər Ordumuzun Şuşa şəhərini azad edərkən istifadə etdikləri cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu dövlətimizin başçısı tərəfindən  “Zəfər Yolu” adlandırılıb.

İşğaldan azad olunan ərazilərdə Əhmədbəyli-Füzuli-Şuşa, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Talış-Tapqaraqoyunlu-Qaşaltı, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Füzuli-Hadrut, Bərdə-Ağdam avtomobil yolları inşa olunur.

Nigar HƏSƏNLİ
“Yeni Müsavat”

Daha çox xəbərlər