Koronavirus və məktəblər: Azərbaycan və dünya ölkələrində dərslər necə başlayır?
Bəzi qonşu ölkələrdə bu gün məktəblər öz qapılarını şagirdlərin üzünə açır
Ölkəmizdə yeni dərs ilinin başlanmasına günlər qalıb. Dünyanın bir sıra ölkələrində isə yeni dərs ili ənənəyə uyğun olaraq sentyabrın 1-də başlayır. 1 sentyabr həm də “Bilik günü” kimi qeyd olunur. “Bilik günü”nün dünyanın ayrı-ayrı ölkələrində fərqli vaxtda və fərqli qaydada keçirilməsi ənənəsi də vardır. Lakin ötən il olduğu kimi, bu il də bəzi ölkələrdə yeni dərs ili “Koronavirus qaydaları”na əsasən təşkil olunub.
Türkiyə
Qardaş Türkiyədə 6 sentyabr tarixindən 2021-2022-ci tədris ili üzrə ənənəvi qaydada dərslərə başlanacaq. Məktəblər bütün siniflərdə və bütün səviyyələrdə lazımi tədbirlər görülməklə həftənin 5 günü üz-üzə tədrisə açılacaq. Bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer deyib. O bildirib ki, məktəblər Səhiyyə Nazirliyi ilə birgə COVID-19 epidemiyasına qarşı bütün tədbirləri görüb. Nazir şagirdlər üçün peyvənd və ya PCR testləri ilə bağlı heç bir məcburiyyət olmadığını əlavə edib. Özerin sözlərinə görə, peyvənd edilmək könüllüdür. Təkcə müəllimlər deyil, təhsil və təlim sektorunu əhatə edən bütün işçilər istəsələr peyvənd vurduracaqlar.
“Şagirdlərimizlə təmasda olan və peyvənd edilməyən müəllimlər və digər işçilər həftədə iki dəfə PCR testindən keçəcəklər”, – nazir vurğulayıb.
Rusiya
Qonşu ölkələrdən Rusiyada bu gündən dərs ili əyani formatda başlayır. Bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov jurnalistlərə məlumat verib. Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu vurğulayıb. S.Kravtsov əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır. Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin də əleyhinə çıxıb.
Gürcüstan
Bu il Gürcüstanda yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə məktəb və universitetlərdə yeni dərs ilinə distant qaydada başlanılması planlaşdırılır. Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə, ənənəvi dərsləri bərpa etmək təhsil müəssisələri işçilərinin 80 faizinin peyvəndlənməsindən və yoluxma nisbətinin 4 faizdən aşağı düşməsindən sonra mümkün olacaq. A.Qamkrelidze koronavirusun “Delta” ştammının gənclər arasında sürətlə yayıldığını, bu səbəbdən də epidemioloji vəziyyət düzələnədək tədris prosesinin distant qaydada təşkil edilməsinin vacibliyini vurğulayıb.
Ukrayna
Ukraynanın Təhsil və Elm Nazirliyinin məlumatına görə, məktəblərdə təhsil prosesi Bilik Günündə – 1 sentyabrda, ənənəvi qaydada başlayır. Bu ölkənin təhsil və elm naziri Sergey Şkarlet bildirib ki, Ukrayna “yaşıl zona”da olduqca, heç bir karantin məhdudiyyəti olmayacaq; lakin bir şərt məcburi olaraq qalmaqdadır – təhsil işçilərinin 80 faizi koronavirusa qarşı peyvəndlənməlidir, əks halda məktəblər distant təhsilə keçəcək. Nazirin sözlərinə görə, bu gün Ukraynada məktəb işçilərinin 35 faizi koronavirusa qarşı peyvənd olunub.
Bəs, ölkəmizdə necə, məktəblər bu sahədə yeni dərs ilinə hazırdırmı?
Məlum olduğu kimi, ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiq edilib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə dərslər sentyabrın 15-də başlayacaq və iyunun 14-dək davam edəcək. Bununla da pandemiya şəraitində olmağımıza baxmayaraq, məktəblərin ənənəvi vaxtda – 15 sentyabrda açılacağı rəsmən elan edilib.
Ölkəmizdə vaksinasiya prosesinə təhsil müəssisələrində də start verilib. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq mart ayından etibarən Bakı şəhəri üzrə 10, Sumqayıt şəhəri üzrə 2 vaksinasiya məntəqəsi yaradılıb. Sadəcə həmin məntəqələrdə 33291 nəfər təhsil işçisi Bakı şəhəri üzrə, 2000 nəfərə yaxın təhsil işçisi isə Sumqayıt şəhərində peyvənd olunub. Ümumilikdə ölkə üzrə ümumi təhsil müəssisələrində 137 min təhsil işçisi vaksin olunub ki, bu da 61 faiz təşkil edir. Birinci doza peyvənd olunanlar isə 162 min nəfərdir ki, bu da təhsil işçilərinin 72 faizi deməkdir.

