Siyasət 

UNESCO nə üçün susur?

“44 gün davam edən İkinci Qarabağ-Vətən müharibəsi bitdikdən sonra yanvar ayının 14-dən Şuşada təmir-bərpa işlərinə başlanılıb, şəhərin baş planı təsdiq olunaraq bütün işlər operativ olaraq həyata keçirilir. 2021-ci ilin yanvar ayında Cənab Prezidentin ilk səfərini regionun mədəniyyət mərkəzi hesab olunan Şuşaya etməsi mədəniyyət tariximizin inkişafına göstərilən böyük diqqət və qayğının göstəricisidir. 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri təsadüfi deyil ki, Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Sərəncamına əsasən bu gün öz dirçəlişinə Azərbaycanın mədəniyyət pataxtı kimi başlamışdır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev qeyd edib ki, bu ilin 12-13 may tarixlərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının uzun müddətdən sonra yenidən keçirilməsi, Möhtərəm Prezidentimiz İlham Əliyev və Mehriban xanım Əliyevanın Şuşaya son səfərlərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı ilə yanaşı, Vaqif Poeziya Günlərinin bərpa olunması və “Qarabağ Azərbaycanın mədəniyyətinin incisidir”, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgilərinin keçirilməsi Azərbaycanın mədəniyyət tarixinə göstərilmiş böyük ehtiramın bariz nümünəsi və yeni nəsil azərbaycanlılar üçün iftixar hissidir: “Bu səfərdə inşa ediləcək yeni obyektlərin təməllərinin qoyulması, habelə Şuşanın abadlaşdırılmasının sürətlə davam etdirilməsi artıq 30 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərinə tezliklə qayıtmasını təmin edəcək, eyni zamanda Şuşanın ölkəmizin mədəniyyət paytaxtı, həmçinin YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olaraq burada daha böyük qlobal tədbirlərin keçirilməsinə şərait yaradacaqdır. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycanda keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə icrası, milli mədəniyyətimizin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Bu gün doğma Qarabağımızda, Şuşada bu irsin qorunub saxlanılması tək Azərbaycanın deyil, UNESCO və üzv dövlətlərin də öhdəliyidir.”

Deputat vurğulayıb ki, bu günlərdə cənab Prezident BMT-nin ölkəmizdə təyin olunmuş yeni rezident əlaqələndiricisini qəbul edərkən UNESCO-nun ölkəyə dəvətli olduğunu bildirmişdir: “UNESCO beynəlxalq təşkilat olaraq üzərinə götürdüyü vəzifələri yerinə yetirərkən, eyni zamanda Azərbaycanın UNESCO vasitəsi ilə dünya mədəni irsinin nümunələrinin qorunmasında göstərdiyi fəallığa diqqətlə yanaşmalıdır. Azərbaycanda tarixən mövcud olmuş və bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri olan multikultural və tolerant cəmiyyət anlayışı inkişaf  etdirilir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı müsəlman icması ilə yanaşı, digər dinlərə məxsus abidələr, ibadət yerləri mənşəyindən asılı olmayaraq Azərbaycan dövləti tərəfindən mühafizə olunur, təmir və bərpa edilir. Bu isə öz növbəsində UNESCO-nun ona üzv dövlətlərin qarşısında səsləndirdiyi təlimatlardandır və bu iş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də şamil olunmalıdır. Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində Parisdə keçirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdır.”

M.Əfəndiyev vurğulayıb ki, əldə olunan uğurlara və illərdir aparılan qarşılıqlı əməkdaşlığa baxmayaraq, əfsuslar olsun ki, bu dəfə azad edilmiş ərazilərində tarixi, mədəni, dini irsin qorunması və saxlanması üzrə beynəlxalq öhdəliyinə sadiq qalan Azərbaycan Respublikası islamafob və ikili standratlarla qarşı-qarşıya qaldı: “Azərbaycan işğaldan azad olunmuş ərazilərdə törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bu ərazilərə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəf olaraq UNESCO ilə konstruktiv dialoqlar aparmışdır. Əsas missiyası mədəni dəyərlərlə bağlı məsələlərə öz münasibətini bildirmək və bəşər svilizasiyasına aid olan abidələrin qorunmasında iştirak etmək olan UNESCO nəinki erməni vandalizminin dünyaya çatdırılmasında aktiv rol oynamış, həmçinin ölkəmiz tərəfindən göndərilən dəvətlərdən yayınmışdır. Bu ayrıseçkilik və UNESCO tərəfindən göstərilən iradəsizlik isə BMT-nin dünyada olan nüfuzuna xələl gətirməklə yanaşı, 1993-cü ildən etibarən ikitərəfli əməkdaşlıq üzrə inkişaf edən UNESCO və Azərbaycan münasibətlərində mənfi təsirsiz ötüşməyəcəkdir.”

Daha çox xəbərlər