“Yenidən Şuşa, yenə poeziya…” – Tanınmışlar möhtəşəm tədbirdən danışdlar
İki gün Şuşada möhtəşəm Vaqif Poeziya günləri keçirildi. Xatırladaq ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə idi ki, təşkil olunurdu. İki gün davam edən poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı oldu.
Tədbirin ikinci gününün proqramı da zəngin keçib. Belə ki, Azərbaycanın mədəniyyət paytaxtında bir araya gələn xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları olub, muğam ifaları səslənib, xalq və əməkdar artistlər “Nizamidən Vaqifə” adlı poetik kompozisiyanı təqdim ediblər.
Beləliklə, ölkənin ən məşhur mədəniyyət xadimlərinin, şair və yazıçılarının iştirak etdiyi tədbir öz möhtəşəmliyi ilə yadda qalıb. Tədbir iştirakçılarının əksəriyyəti jurnalistlərə açıqlamasında və ya sosial şəbəkələrdə öz təəssüratlarını bölüşüblər.

Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirlə bağlı təəssüratlarını jurnalistlərə bölüşərkən qeyd edib: “Mən 7 aydır ki, Şuşaya gedib-gəlirəm, burada görülən bütün işlər göz qabağındadır. Hər dəfə bunlara diqqət yetirəndə, düşünürəm ki, bu, bir möcüzədir. İstər “Xarıbülbül” musiqi festivalı, istərsə də Vaqif Poeziya günlərinin keçirilməsi həm siyasi, həm də mədəni-tarixi əhəmiyyət daşıyır”.
Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli isə bildirib: “Mən xoşbəxtəm, çünki 1982-ci ildə atamla birgə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişəm. Həmin açılışda ulu öndər Heydər Əliyevlə birlikdə maestro Niyazi, Qəmər Almaszadə, Süleyman Rüstəm və digər ziyalılarımız da olub. O zaman mən və Polad Bülbüloğlu cavan idik. Biz tarixi hadisənin şahidi olduq. Lakin 1992-ci ildə biz Şuşanı itirdik. Sağalmayan yara öz işini görürdü. Ümidimizi yavaş-yavaş itirirdik. Amma 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə igid əsgərlərimiz bu Qələbəni bizə bəxş etdilər. Bu gün hansı xarici ölkəyə getsək qalib xalqın nümayəndəsi kimi gedəcəyik.

Fərhad Bədəlbəyli
Xoşbəxtəm ki, bu tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” musiqi festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir”.

Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Vaqif Poeziya günlərinin yenidən keçirilməsi bir daha bu torpaqlarda Azərbaycanın milli varlığının əbədi olacağına sübutdur: “Nəzər almaq lazımdır ki, 39 il bundan əvvəl Vaqifin məqbərəsinin açılışı baş verəndə ermənilər Azərbaycan ərazilərinə iddialar edirdilər. Ümumiyyətlə, bütün dövrlərdə bu belə olub. Faktiki olaraq Sovet dövründə ölkəmizin bir çox bölgələrini qəsb etməyə nail olmuşdular və Heydər Əliyev məhz bu prosesin qarşısını almaq, Şuşanın Azərbaycanın mədəniyyət şəhəri olduğunu, Qarabağın tarixən həmişə Azərbaycana məxsus olduğunu vurğulamaq üçün bu cür addım atdı və Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin məqbərəsinin açılışına nail olmuşdu. Xatırladım ki, həmin dövrdə təkcə həmin məqbərə deyil, bir sıra açılışlar baş vermişdi. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra qısa bir müddətdə burada çox incə bir məqam var, cənab Prezident çıxışında qeyd etdi ki, məhz Molla Pənah Vaqifin Qarabağ xanının vəziri olması Azərbaycan dövlətçiliyinin bu ərazilərdə mövcudluğunu, yerini sübuta yetirən amillərdən biri kimi bu addımın atılması mühüm xarakter daşıyır. Bu baxımdan həm məqbərənin açılışı, həm Azərbaycan mədəniyyətinin önəmli bir hissəsini təmsil edən ədəbiyyatımızın yenidən Şuşaya qayıtması, yenidən poeziyamızın Şuşada dilə gətirilməsi hesab edirəm ki, tarixi bir hadisədir. Bir azərbaycanlı kimi bu hadisənin şahidi olduğum üçün çox xoşbəxtəm”.
Xalidə Gəray
Musavat.com

