Şəhid leytenant Səfərov Şahmar doğum günündə yad edilib
Şəhidlik zirvəsinə ucaldıqdan sonra Şahmar Səfərovun qeyd olunan ilk doğum günündə onun adının əbədiləşdirilməsi üçün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsində inşa edilmiş bulaq abidə kompleksinin açılış mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, ötən gün baş tutan tətbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, RİHB-nın müavinləri, şöbə müdirləri, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədr müavini, əməkdar artist Ağalar Bayramov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin, “Şəhid Anaları” İB-nin sədri Nəsibə Əliyeva, şəhidin əmisi, ehtiyatda olan polkovnik Adil Səfərov, şəhid anaları, rayon sakinləri iştirak ediblər.
Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Şahmar Səfərov kimi qəhrəman övlad böyütdükləri üçün bir daha şəhidin anasına təşəkkür edib, torpaqlarımızın müdafiəsi naminə canlarından keçib və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirib.
II Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Səfərov Şahmar Nazin oğlunun məzarının ziyarəti zamanı YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından “Anım löhvhəsi”ni şəhid ailəsinə təqdim ediblər.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.











