Siyasət 

Hüquqşünas: Ararat Mirzoyan hələ də regionun tamamilə dəyişdiyi reallığını dərk etmir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın “RİA” xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib ki, Ermənistanın xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyasının” saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir. Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər. Ölkəmiz dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmağın tərəfdarı olduğunu bəyan edib. Ermənistan tərəfinin revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri, hüquqşünas Ramil İskəndərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Ararat Mirzoyan hələ də regionun tamamilə dəyişdiyi reallığını dərk etməyərək yenə də, artıq Qarabağ kontekstində tamamilə köhnəlmiş “öz müqəddəratını təyinetmə prinsipi”nə istinad edir. Prezident İlham Əliyev hələ müharibənin yeni başladığı dövrdə, Əl-Cəzirə telekanalına verdiyi müsahibədə bildirmişdir: “Beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri şəkildə işləmir”.

Öz müqəddəratını təyinetmə prinsipini ermənilər istədikləri kimi yalnız siyasi idarəetməni yox, eləcə də sosial, mədəni, iqtisadi, mülki hüquqları tam olaraq əhatə edir. Ehtiyac yoxdur ki, öz müqəddəratını təyin etmək üçün, mütləq müstəqillik əldə edəsən. Cənab Prezidentimizin dediyi kimi, erməni xalqı artıq öz müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var. Bununla Mirzoyanın fikrinin sadəcə hüquqi cəhətdən diletant bir fikir olduğu üzə çıxır. Beynəlxalq hüquq prinsiplərinin demək olar ki, hamısını müsahibədə səsləndirən Mirzoyan, elə bilir ki, nə qədər çox prinsip adı çəkilsə, bir o qədər haqlı olacaq”.

Hüquqşünas qeyd edib ki,  Mirzoyanın müsahibədə səsləndirdiyi “əsir”lərin qaytarılması “tələbinə” gəldikdə isə onun dediklərinə əsasən beynəlxalq humanitar hüquqa əsaslanıb cəmi 2 arqumentlər gətirməklə, dediklərinin tam yalnış olduğu üzə çıxar: “Birincisi, Cenevrə Konvensiyalarına görə, əsirlər beynəlxalq humanitar hüququn himayəsi altında olsalar da, onlar yalnız müharibədə iştirak etdikləri faktına görə cəzalandırılmaya, geri qaytarıla bilərlər. Lakin Konvensiyaya görə, əgər əsirlər insanlıq əleyhinə cinayətlər, digər hərbi cinayətlər törətmişlərsə, münaqişə tərəfi öz ərazi yurisdiksiyasına aid olan ərazilərdə hərbi cinayətlər törədən şəxsləri geri qaytarmadan, ədalət mühakiməsinə cəlb edə bilər. İkincisi, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bütün əsirlər artıq qarşı tərəfə təhvil verilib. Yalnız müharibə başa çatdıqdan sonra, qeyri-qanuni Azərbaycan ərazisinə soxulan və cinayət törədənlər cinayət mühakiməsinə cəlb edə bilər”.

R. İskəndərli vurğulayıb ki, Mirzoyanın “RİA” xəbər agentliyinə verdiyi müsahibə ümumiyyətlə, Ermənistanın Azərbaycanla beynəlxalq hüquq çərçivəsində sülh və birgə yanaşı yaşamaq istəyinin olmamasının göstəricisidir: “Amma Ermənistan rəhbərliyi başa düşmür ki, vaxt Azərbaycanın xeyrinə işləyir. Çünki bir tərəfdən müharibədə acı məğlubiyyətə uğramış, revanş xülyaları ilə yaşayan, Azərbaycana nifrət dolu siyasi sistemi olan, bərbad daxili siyasət yürüdən Ermənistan, digər tərəfdən isə müharibə zəfər çalmış, ərazilərini işğaldan azad etmiş, azad ərazilərini bərpa etməyə başlayan və Böyük Qayıdışa hazır olan, hər hansı mənasız siyası danışıqlardan uzaq olan Azərbaycandır”.

Daha çox xəbərlər