Sosial 

Azərbaycanda son illərdə əri tərəfindən öldürülən qadınlar – SİYAHI

Uzun əsrlər boyu istər Qərbdə, istərsə də Şərqdə qadına qarşı zorakılıq halları mütəmadi olaraq baş verib. Lakin XX əsrin əvvəllərindən buna qarşı mübarizə aparılmağa başlansa da, zorakılıq təhlükəli miqyasda qalmağa davam edir. Ərləri, sevgililəri, yaxud ailə üzvləri tərəfindən namus, qısqanclıq və s. səbəblərdən, hətta səbəbsiz yerə öldürülən qadınların sayı onminlərlədir.

Çox təəssüf olsun ki, Azərbaycanda da qadın qətlləri çoxalıb. Hətta Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iyulun 9-da verdiyi bəyanatında “keçən ay ərzində altı qadının ailə üzvləri tərəfindən öldürülməsi” halından narahatlığını bildirib. Xarici ölkənin səfirliyinin bu mövzuda bəyanat verməsi Azərbaycanda qadınların qətlə yetirilməsi hallarının rekord səviyyədə artmasının göstəricisi ola bilər.

Sonxeber.az olaraq, yaxın dövrlər ərzində mətbuatda yer alan Azərbaycandakı qadın qətllərinin xronikasını təqdim edib, bu acınacaqlı vəziyyəti işıqlandırmaq istəyirik:

1. Sevinc Məhərrəmova – 23 yaş. 3 avqust 2021-ci ildə həyat yoldaşı Füzuli Qarayev tərəfindən bıçaqlanaraq öldürülüb. 2 uşaq anasının öldürülməsinə səbəb telefonunun ekranı zərər gördüyü üçün ərinin zənginə cavab verməməsi olub.

2. Elza Qəfər qızı Ağayeva – 30 yaş. 28 avqust 2021-ci ildə həyat yoldaşı 1985-ci il təvəllüdlü Ariz Ceyhun oğlu Ağayev tərəfindən bıçaqlanıb.

3. Xatirə Fərəcova – 31 yaş. 24 iyul 2021-ci ildə həyat yoldaşı 1977-ci il təvəllüdlü Meyxoş Cəfərov tərəfindən şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirilməsi nəticəsində qəsdən öldürüb.

4. Kəmalə Sultanova Gülmirzə qızı – 25 yaş. 24 avqust 2021-ci ildə həyat yoldaşı Sultanov Nurlan Nazim oğlu tərəfindən öldürülüb. Aralarında şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı qadına bıçaqla çoxsaylı xəsarət yetirilib.

5. Nailə Əliyeva – 45 yaş. 30 iyul 2020-ci ildə 1980-ci il təvəllüdlü həyat yoldaşı Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Qeyd edək ki, Nailə Əliyeva Özbəkistan Respublikası vətəndaşı olub.

6. Şahanə Şamilova – 3 sentyabr 2020-ci ildə əri Murad Şamilov tərəfindən ikisi sinə nahiyəsinə nüfuz etməklə 18 bıçaq xəsarəti ilə qətlə yetirilib. Nəticədə 2 azyaşlı uşaq anasız qalıb.

7. Könül Bəhmən qızı Bəhrəmli – 11 oktyabr 2019-cu ildə keçmiş həyat yoldaşı Namiq İsmayılov tərəfindən bıçaqlanıb. N.İsmayılov qətli keçmiş həyat yoldaşının boşandıqdan sonra qızını ona göstərmədiyi üçün törətdiyini deyib.

8. Səttarova Nuranə Elbrus qızı – 25 yaş. 19 iyul 2020-ci ildə Səttarov Tural Tahir oğlu ilə aralarında yaranan ailə münaqişəsi zamanı bıçaqlanaraq qətlə yetirilib. Qadının 3 azyaşlı körpəsi olub.

9. Qərənfil İlyas qızı Baxşəliyeva – 41 yaş. 25 mart 2021-ci ildə ögey qızı Günay Məmmədova və onun əri Həmzə Verdiyev aralarında şəxsi münasibətlər zəmnində uzunmüddətli mübahisələrdən sonra cinayətkar qrupla əlbir olub, B.Qərənfili balta ilə öldürüblər.

10. Rəna Xanaliyeva Allahqulu qızı – 28 may 2021-ci ildə keçmiş əri Bayramov Cavid Nəriman oğlu tərəfindən qısqanclıq üstündə bıçaqlanaraq qətlə yetirilib.

Daha çox xəbərlər