Yeni tədris ili hansı formada başlayacaq?
Ənənəvi yoxsa distant…
Artıq yeni tədris prosesinin başlamasına sayılı günlər qalır. Təhsil Nazirliyindən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək.
Göründüyü kimi, hələlik tədrisin ənənəvi üsulla, yoxsa distant şəkildə davam etdiriləcəyi barədə qərar verilməyib. Belə olan halda tədris prosesi hansı şəkildə aparıla bilər?

Mövzu ilə bağlı “İki sahil”in sorğusunu cavablandıran Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib ki, dərs məşğələlərinin başlanmasına sayılı günlər qaldıqca tədris prosesinin nə vaxt və hansı formada başlanacağı barədə cəmiyyətdə narahatçılıq bir o qədər artır: “Baxmayaraq ki, pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin araşdırılması və burada əsas məqsədin ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənmək olduğu barədə dəfələrlə rəsmi açıqlamalar verilib, bununla belə sosial şəbəkələrdə vaksin olunmayan valideynlərin uşaqlarının məktəbə buraxılmayacağı, COVID-19 pasportunun tələb olunacağı, dərs ilinin noyabr ayından tez başlanılmayacağı kimi şaiə xarakterli məlumatlar yayılır, müxtəlif fərziyyələr ehtimallar irəli sürülür, halbuki belə tələb qoyulmaması, yalnız rəsmi məlumatlara istinad edilməsi barədə dəfələrlə xəbərdarlıqlar edilib”.
N. İsrafilov qeyd edib ki, distant təhsilin ənənəvi təhsili lazımı səviyyədə əvəz edə biləcəyini düşünmürəm: “İstənilən halda yekun qərar vermək üçün Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri, Təhsil Nazirliyinin mövqeyi, digər əlaqədar və aidiyyəti qurumlarla məsləhətləşmələr amili əsas götürülməlidir. Yəni, tədrisə hansı formada başlanılması son təhlillərdən, zəruri tədbirlərin hansı səviyyədə görülməsindən asılı olacaq. Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşmanın tətbiq olunacağı da istisna olunmur. Peyvəndləmə prosesini yekunlaşdırmaq, zaman qazanmaq üçün ertələmə də ola bilər. Bunun üçün vaksinasiyanın zəruriliyini dərk etməliyik. Yalnız bütün norma və şərtlərə əməl etməklə arzuladığımız ənənəvi təhsilə başlanılmasına öz töhfəmizi verə bilərik. Unutmayaq ki, bu kimi taleyüklü məsələlərdə tələsik qərarlar çıxarmaq ağır fəsadlara yol aça bilər”.

