“Pfizer” vaksini “Sinovac”dan daha effektivdirmi? – AÇIQLAMA
Bu ilin yanvar ayından ölkəmizdə virusla mübarizəyə qarşı vaksinlərdən istifadə olunmağa başlanılıb. Ölkəmizə gətirilən ilk vaksin Çin istehsalı olan “Sinovac” oldu. Bu gün bütün poliklinikalarda həmin vaksin vurulur. Son zamanlar verilən açıqlamalara görə, “Sinovac” vaksini virusun yeni növlərinə qarşı effektiv deyil. Hətta Çinin özü belə, 3-cü doza vaksin üçün “Pfizer”dən istifadə edəcəyini açıqlayıb. Maraqlıdır, “Sinovac” yeni növ viruslara qarşı effektiv deyilsə, niyə hələ də vaksinasiya prosesində 1-ci yerdədir? Ölkəmiz tamamilə “Pfizer” vaksininə keçə bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən infeksionist Akif Qurbanov bildirib ki, bununla əlaqədar vaksinlər üzərində heç bir tədqiqat aparılmayıb:
“Çində də “Sinovac” vaksinindən kifayət qədər istifadə olunur. Çin 3-cü dozada “Pfizer” vaksinindən istifadə edəcək. Bu o demək deyil ki, bu ölkə öz vaksinindən imtina edib. Peyvəndlərin effektivliyinə gəldikdə isə, mutant virusların törətdiyi xəstəliklərdə bu vaksinlərin təsiri haqqında heç bir elmi tədqiqat aparılmayıb. Heç kim deyə bilməz ki, “Pfizer” daha təsirlidir və “Sinovac” effektiv deyil. Elmi məntiqlə düşünəndə isə, hətta “Sinovac”ın daha effektiv olduğunu demək olar, çünki bu, tam öldürülmüş virusdur, “Pfizer” isə proteinlərə hesablanmış bir peyvənddir. Burdan da belə bir nəticəyə gəlmək olar ki, “Sinovac” mutant viruslara qarşı daha güclüdür”.

