Ağdam Şərqi Avropanın ən gözəl və “ağıllı” şəhəri olacaq
30 ilə yaxın erməni işğalına məruz qalmış və ötən il Vətən müharibəsində bir güllə belə atılmadan, şəhid verilmədən geri qaytarılan Ağdam özünün azad günlərini yaşayır. Şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun olaraq yeni, ən müasir səviyyədə yenidən qurulacaq olan Ağdam hələ Sovetlər dönəmində yalnız kənd təsərrüfatı ilə deyil, həm də bəzi sənaye məhsulları ilə tanınırdı. Ağdam, həmçinin tarixi-memarlıq abidələri, tikililəri ilə daim diqqət çəkib. İşğaldan əvvəl rayonda XVIII əsrə aid bir sıra mühüm tarixi və dini abidələr olub. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi Ağdamın qədim tikililərindən sayılır. 28 illik işğal zamanı vəhşi düşmən buranı da dağıdaraq, izimizi silməyə çalışıb. İmarət dünyanın gözü qarşısında uzun illər təhqir edilib, vandalizmə məruz qalaraq tövlə kimi istifadə olunub.
“Qafqazın hirosiması” adlandırılan Ağdam 30 ilə yaxın müddətdə ən çox dağıntılara məruz qalan rayonlardan biri kimi tarixə düşüb. Bu səbəbdən burada açıq hava altında İşğal muzeyinin yaradılmasına qərar verilib. Orada işğal dövründə Azərbaycan xalqının keçdiyi çətin yolu göstərən nişanələr olacaq. Rayona gələn turistlər hər iki muzeydə Qarabağ müharibəsinin və erməni işğalının nəticələrinə şahidlik edə biləcəklər. Qarabağın bütün dini məkanlarında olduğu kimi, Ağdamın XVIII əsrə aid Qiyaslı məscidində də erməni vandalizminin izləri qalmaqdadır. Bu məsciddə ermənilər vaxtilə heyvanlar saxlayıb, Ağdamdan çıxanda isə buranı yandırıblar. Nəticədə məscidə xeyli ziyan dəyib. Bir sözlə, ermənilər Ağdamı barbarcasına dağıdaraq, burada hər şeyi məhv ediblər. Lakin bundan sonra Ağdam Azərbaycanın digər iqtisadi dirçəliş dövrünü yaşayan rayonları kimi yeni sənayeləşmə ilə önə çıxacaq. Artıq Ağdamda Sənaye Parkı yaradılır. Bu Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq. Ağdamda yaradılacaq sənaye mərkəzində ilkin müraciətlər əsasında 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcək. Buraya 110 milyon manata yaxın sərmayə qoyulacaq, 330 iş yeri açılacaq. Ağdamın strateji coğrafi mövqeyi, digər bölgələrlə qovuşuqda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.
Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov ölkə mediasına verdiyi açıqlamada bildirib ki, gələcək bərpa işləri çərçivəsində müxtəlif məsələlərin həlli üçün 10-dan çox işçi qrup yaradılıb. Biz Qarabağı, o cümlədən Ağdamı cənnətə çevirəcəyik. Şəhərin əhalisi 100 min nəfər təşkil edəcək və onun ərazisi təxminən, iki dəfə genişləndiriləcək. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaq. Ağdamın “ağıllı şəhər” konsepsiyasına uyğun olaraq tikilməsi nəzərdə tutulur. Buradakı binaların da xüsusi beynəlxalq standartlara uyğun olaraq “ağıllı binalar” tipologiyasına uyğun olaraq inşası nəzərdə tutulur. Onu da qeyd edim ki, Ağdam Azərbaycanın ən günəşli rayonlarından biridir. Son 50 ilin məlumatına əsasən, ilin 2/3 hissəsi günəşli hesab olunur. Bu, ondan xəbər verir ki, günəş enerjisinin potensialı böyükdür və bundan yaxşı istifadə etmək olar. Ona görə də binaların layihələndirilməsi zamanı bu məsələlər nəzərə alınacaq. Daha çox enerji səmərəliliyinə yönəlmiş layihələrə üstünlük verəcəyik. Onun sözlərinə görə, yaxın zamanda genişmiqyaslı tikinti işlərinin şahidi olacağıq. İctimaiyyətə bu barədə ətraflı məlumat veriləcək. Yaxında “Yolumuz Ağdama” adlı səfərlər başlayacaq. Bununla bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Ancaq mina təhlükəsi hələ tam aradan qalxmayıb. Bu təhlükəsizlik məsələlərini nəzərə alaraq prosesləri həyata keçirmək niyyətindəyik.
Bu gün həm də fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Şübhəsiz, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq!

