Gündəm 

Sənayeləşmə strategiyası qeyri-neft sektorunun davamlı inkişafına hesablanıb

Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı bu məqsədə xidmət edir

2003-cü ildə ilk dəfə Prezident seçilən cənab İlham Əliyev müasirləşmənin, yeniləşmənin dövlət siyasətinin əsası olduğunu diqqətə çatdırdı.  «Neft kapitalını insan kapitalına çevirək» tezisini irəli sürərək  ölkənin inkişafında təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin qorunmasını vacib amil kimi dəyərləndirdi. Ölkəmizdə  enerji  sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar,  iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də   təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 270 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir.

Enerji sektorundan asılılığın minimuma endirilməsi üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin gərəkliyi önə çəkildi və ilk -2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiqləndi. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi iqtisadi inkişafı sürətləndirdi. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik: “Birinci proqram 2004-cü ilin əvvəlində – fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi mənim 2003-cü ildə seçkiqabağı proqramımın bir hissəsi idi. O vaxt bəyan etmişdim ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı mənim üçün əsas vəzifələrdən biri olacaqdır və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü Regional İnkişaf proqramları qəbul olunmuş və icra edilmişdir.»

Hər il Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilir, görülən işlərə yekun vurularaq, növbəti ildə qarşıda duran vəzifələr və onların həlli yolları açıqlanır. Dövlətimizin başçısı İlham Əliyev proqramların icrası nəticəsində ilk növbədə regionlarda müasir infrastrukturun yaradıldığını qeyd edir.

Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan  addımlarda əsas məqsəd böləgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlətimizin başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir : “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan öz mövqeyini uğurlu islahatları ilə möhkəmləndirir, hər bir hesabat əvvəlki ilin hesabatından yeniliyi ilə seçilir. “Biz, əlbəttə ki, öz işimizi reytinq almaq üçün qurumuruq” söyləyən ölkə Prezidenti İlham Əliyev, eyni zamanda, bildirir ki, əlbəttə, belə fikirlər ortaya qoyulanda həm bizi daha da sevindirir, həm də dünyanın bütün maliyyə qurumlarına bir siqnaldır.

Ölkə Prezidenti bu uğurlarımızda bir məqamı xüsusi qeyd edir: “Mən xatırlayıram, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizidən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurumuşuq və müstəqil ölkə kimi yaşayırıq.» Bui nam da ifadə edilir ki, gələcəkdə daha da böyük işlər görüləcək.” 30 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini gerçəkliyə çevirdiyi enerji layihələri ilə təsdiqlədi. Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Davamlı inkişafın əsası olan Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.

Sözsüz ki, müsbət göstəricilərimiz verilən tapşırıqlar və onların icrası nəticəsində mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin ölkə Prezidentinin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.

Özünüməşğulluğun təminatı, ən əsası sosial müdafiənin gücləndirilməsi əsasdır. Ailə təsərrüfatlarının inkişafına dəstəyin daha da gücləndirilməsi, hər bir ailənin öz məhsulu ilə tanınması üçün şəraitin yaradılması sağlam rəqabətə yol açır. Bu isə öz növbəsində məhsulun keyfiyyətini şərtləndirir. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük və şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm və tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını qeyd edən cənab İlham Əliyev bildirir ki, güclü iqtisadiyyat yaradaraq, sosial məsələlərin həlli istiqamətində addımlar atırıq. Bütün bu addımlar isə insan amilinə verilən dəyərdən, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından irəli gəlir. Dövlət başçısı  qeyd edir ki, ümumiyyətlə, bölgələrdə sənaye məhəllələrinin yaradılması təşəbbüsü çox düzgün bir addım idi. Bütövlükdə ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Sözsüz ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti vardır. Müasir sənaye məhəllələrinin yaradılması, eyni zamanda, ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.

Bir məqamı da xüsusi qeyd etməliyik ki,  COVID-19 pandemiyasının dünya iqtisadiyatına mənfi təsirlərinə baxmayaraq, Azərbaycan regionda iqtisadi inkişaf dinamikasını və investisiya cəlbediciliyini qoruyub saxlayıb. Sahibkarlığın inkişafı yenə də diqqət mərkəzindədir. 2021-ci ilin yanvar-iyul aylarının yekunlarına əsasən, Azərbaycanda qeyri-neft sənayesi sahəsində 16,4 faizlik artımın olması atılan addımların müsbət nəticə verdiyini bir daha təsdiqləyir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə strategiyası qeyri-neft sektorunun davamlı inkişafına, xaricdən idxalın, o cümlədən ölkədən valyuta axınının qarşısının alınmasına hesablanıb. Sentyabrın 3-də Prezident İlham Əliyevin Sumqayıt şəhərinə növbəti səfəri çərçivəsində dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin və digər obyektlərin  açılışı da bu tərkibdəndir. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı isə sayca 6-cıdır. Cənubi Qafqazın ən böyük, Azərbaycanın isə ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insan daimi işlə təmin edilib.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün böləgələr arasında sağlam rəqabət gedir. Ölkə ictimaiyyəti irəli sürülən bütün təşəbbüsləri dəstəkləyir və bu, ümumilikdə hərtərəfli inkişafı daha da sürətləndirir. Ölkə Prezidenti bildirir: “ Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.»

Daha çox xəbərlər