Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır- Ceyhun Bayramov
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
ARANTV.AZ xəbər verir ki, Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən xəbərə görə, nazir Ceyhun Bayramov dost Qətər ölkəsinin nümayəndə heyətini məmnuniyyətlə salamlayıb və iki ölkəni birləşdirən dərin mədəni, dini əlaqələrdən bəhs edib.
Nazir Ceyhun Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib. Nazir, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib. Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumatlandırıb.
Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğu və bu mövqeyimizin dövlət rəhbəri tərəfindən səsləndirildiyi qeyd edilib.

