“Qolum heç oldu, heç olmasa, saatı mənə gətirin” deyən qazimizə HƏDİYYƏ – FOTO
İkinci Vətən müharibəsi zamanı qazimiz İlkin Abıyev minaya düşərək yaralanıb. Şuşa şəhəri ətrafında döyüşlərdə qəhrəmanlıqla vuruşan İlkin hadisə zamanı sol qolunu itirib.
Sonxeber.az-ın verdiyi xəbər görə, qazinin həmin qolunda onun üçün dəyərli olan saatı olub, lakin nə qolunu, nə də saatı tapa bilməyiblər.
İlkin Abıyev Şuşa şəhəri ətrafında döyüşlərdə qəflətən minaya düşüb yaralandığını danışıb:
“Həmin an sol qolumun hara düşdüyünü tapa bilmədik. Döyüşçü yoldaşlarım dərhal mənə ilkin tibbi yardım göstərdilər və qanaxma olmaması üçün qolumun qopan yerindən sarımağa başladılar. Mən isə “Heç olmasa, qopub düşən qolumu tapın, biləyimdəki o saatı açın, qolum heç oldu, heç olmasa, saatı mənə gətirin”,- deyə xahiş etdim. Müharibədən bir neçə ay əvvəl Türkiyə Cümhuriyyətində xidməti təlimdə olarkən min cür əziyyətlə pulumu yığıb almışdım. Lakin nə qolumu, nə də saatı tapa bilmədik”.
Bu dediklərindən sonra İkinci Vətən müharibəsi qazisi ilə görüşə gələn Qusar rayon prokuroru Elxan Əbdürrəhimov öz saatını qolundan açaraq İlkin Abıyevə hədiyyə edib və saatı onun sağ qoluna bağlayıb.

