Sosial 

Gənclərimiz artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi Ali Baş Komandanın apardığı təbliğatlardan nəticə çıxarmalı və bu yolda irərliləməlidir

Gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sədaqət ruhunda yetişməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti son 18 il ərzində prioritet istiqamət kimi diqqətdə saxlanılıb. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq Qələbəmiz torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimizin şücaəti, qəhrəmanlığı ilə əldə edilib. Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır, bizim üçün müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar: “Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür”.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, məlum olduğu kimi, xalqımızın 30 illik intizarına şanlı ordumuzun apardığı 44 günlük müharibə son qoydu: “İkinci Qarabağ müharibəsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında güclü Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə ötən ilin sentyabrın 27-dən etibarən Zəfər yürüşünə başladı. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əksəriyyəti müstəqillik dövründə formalaşan Azərbaycan gənclərindən təşkil olunmuş Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi və böyük qəhrəmanlıq, şücaət göstərərək torpaqlarımızı işğaldan azad etdi”.

B. İslamov qeyd edib ki, bu gün Azərbaycan gəncliyi yüksək intellektə malik, vətənpərvər, aktiv gənclik olaraq yetişməkdədir: “Gənclər hər bir istiqamətdə dövlətin yanında olduqlarını nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx toplaşmağa təşəbbüs göstərirlər. Azərbaycanın bugünkü yüksəlişində, onun iqtisadi, siyasi və mədəni həyatında gənclərin rolu çox böyükdür. Tariximizə nəzər salsaq, onun hər dövründə gənclərimizin özünəməxsus rol oynadığını görə bilərik. Vətən müharibəsi dövründə də Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin rolu böyük olmuşdur. Təsadüfi deyil ki, bu gün minlərlə şəhidi, qəhrəman qazisi olan Azərbaycanın elə bir bölgəsi, elə bir kənd və qəsəbəsi tapılmaz ki, orada şəhid məzarına rast gəlməyək. Vətənpərvərlik hissi, döyüş ruhu gənclərdə hər zaman yüksək səviyyədə olub. Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda 2855 nəfər gənc əsgər və zabitimiz öz canından keçib”.

YAP Gənclər Birliyinin sədri vurğulayıb ki,  Prezident İlham Əliyevin dünyanın aparıcı KİV-lərinə verdiyi 30-a yaxın müsahibəsi həm də  dünya informasiya məkanında haqq səsimizin, şanlı Qələbəmizin təbliğatı idi: “Azərbaycan gəncliyi Ali Baş Komandanın apardığı təbliğatlardan nəticə çıxarmalı və bu yolda irəliləməlidir. Çünki tarixi Zəfər Günümüzün dəyərini hər bir gənc nəsil daim vəzifə  borcu kimi özündə yaşatmalı, harada yaşamasından asılı olmayaraq onun təbliğində böyük fəallıq göstərməlidirlər.”

Daha çox xəbərlər