Siyasət 

Tarixi Qələbəmiz gənclərin tərbiyəsi işində əsas rol oynamalıdır

Dövlət başçısı İlham Əliyev  Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha bildirmişdir ki, gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar

Bu gün bu fikri böyük inamla və fəxr hissi ilə qeyd edirik ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində tarix yazan gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir. Milli ruhda tərbiyə alan Azərbaycan gəncləri həm  ön, həm də arxa cəbhədə qəhrəmanlıqları  ilə seçildilər.

Qarşıda ölkəmizi daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi fonunda müəyyənləşdirilən yeni-yeni hədəflər Azərbaycan gənclərinə daha fəal, bilik və bacarıqlarını səfərbər edib yeni texnologiyaların inkişafı və tətbiqi əsasında davamlı inkişafa dəstək olmağa çağırışlar edir. Gənclərimiz hər bir çağırışı yüksək səviyyədə cavablandırmağa hazırdır.

Dövlət başçısı İlham Əliyev  Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha gənclərimizin milli ruhda tərbiyəsinin vacibliyindən bəhs edərək bildirmişdir ki, bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır. Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur: «Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır.»

Dövlət başçısı bu mühüm məqamı da xüsusi  vurğulamışdır ki,   vətənpərvərlik hissləri ön planda olmalıdır.  İkinci Qarabağ müharibəsindəki parlaq tarixi Qələbəmiz gənclərin tərbiyəsi  işində əsas rol oynamalıdır. 44 günlük Vətən müharibəsinin hər günü bizim üçün əzizdir, doğmadır. Vətən uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bizim üçün doğmadır,  müqəddəsdir və gənclər bu nümunələr əsasında tərbiyə almalıdırlar: «Bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər. Bunun çox böyük mənəvi və psixoloji mənası var. Uzun illər Azərbaycan işğala məruz qalmış ölkə, biz azərbaycanlılar isə düşmən tərəfindən öz doğma torpağından didərgin salınmış xalq kimi yaşamışıq, əzab-əziyyət içində yaşamışıq, fiziki və mənəvi əzablar içində yaşamışıq. Biz buna son qoyduq. Bundan sonra müzəffər xalq kimi, qalib ölkə kimi, qürurlu insanlar kimi əbədi yaşayacağıq. Bu şanlı tarixi yaşatmaq üçün, qorumaq üçün və gəncləri bunun əsasında tərbiyə etmək üçün sizin nazirliyinizin üzərinə böyük vəzifələr düşür.»

30 ilin əziyyəti,  ümidsizliyi, əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik və  «artıq yetər» deyib torpaqlarımızın işğaldan azad edilməsi uğrunda silaha sarıldıq.  «Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, şəhərlərimiz əsarət altında nə qədər qalacaqdı?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Dövlətimizin başçısı İlham Əliyev tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi  yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar,  tarixi Zəfəri bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. Tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında dünya bir daha bu reallığı qəbul etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bir qarış torpağımız belə düşmənə verilməyəcək.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bütün çıxışlarında 44 günün reallıqlarını bir daha təhlil edərək  30 ilə yaxın müddətdə  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların mahiyyəti  barədə geniş məlumat verir. Bir daha təsdiqlənir ki, işğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər bütün işğal altında olan torpaqlarımızın geri qaytarılmasında maraqlı olmayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 il idi ki, kağız üzərində qalırdı. Beynəlxalq hüquq bizim tərəfimizdə olduğu halda işğalçı dövlətə maddi və mənəvi dəstək göstərilərək münaqişənin həlli prosesi uzadılır, Ermənistan əlavə vaxt qazanırdı. Azərbaycan 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq  beynəlxalq hüquq praktikasında da  yeni reallıq yaratdı. Bir daha beynəlxalq hüquq, ədalət deyilən məfhumların mövcudluğu dünyaya çatdırıldı. Cənab İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından, o cümlədən BMT Baş Assambleyasının iclaslarında bu  məqamı xüsusi qeyd edirdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Bu qətnamələr bəzi dövlətlər üçün 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə isə mənzərə göz önündədir.

44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli  olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur.  Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə,  işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıldı.

Bir sözlə,  Qələbəmiz tarixi Qələbədir. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi nəticəsində 300-ə qədər yaşayış məntəqəmiz, 5 qəsəbə, 6 şəhər işğaldan azad edildi. Üç rayonu- Ağdam, Kəlbəcər və Laçını  isə  düşməni məcbur edərək qaytardıq. Artıq yeni yazılan tariximizdə torpaqlarımızın işğaldan azad olunduğu tarixlər yer alıb. 30 il torpaqlarımızın işğal günləri yaxınlaşdıqca mənəvi sarsıntı keçirir, bu nisgilin nə zaman başa çatacağını gözləyir, içimiz torpaq həsrəti ilə göynəyirdi. Artıq bu sıxıntılar arxada qaldı.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən mühüm amillər oldu. Dövlət başçısı İlham Əliyevin Zəfər Gününün təsis edilməsi ilə bağlı Sərəncamında da qeyd olunduğu kimi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi, düşmən üzərində tarixi Zəfər çaldı.  Həmin sənəddə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd ediləcək.

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Gənclərimiz həm döyüş meydanında, həm də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdilər. Dövlətimizin başçısı İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağmızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında da gənclərin milli ruhda tərbiyəsinin prioritet xarakter daşıdığını önə çəkərək partiyanın nəzdincə yeni yaradılan Veteranlar Şurasının bu işə böyük töhfələr verəcəyini xüsusi qeyd etmişdir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması  hər dövrün tələblərinə uyğun addımların atılmasına yol açır.

Bu çağırış daim səsləndirilir ki,  Azərbaycan gənci tariximizi yaxşı bilməlidir.   Hələ bundan sonra da  müharibəni şərtləndirən amillər, Azərbaycanın hərb təcrübəsi ilə bağlı kitablar yazılacaq, bu tarix dərsliklərdə xüsusi yer alacaq, gələcək nəsillər bu tariximizlə qürur duyaraq artıq torpaqlarımızın işğalı deyil, işğaldan azad olunduğu günü qeyd edəcəklər. Azərbaycan  zəngin tarixi, mədəniyyəti ilə hər zaman diqqət mərkəzində olub. Baxmayaraq ki, tariximiz  şanlı səhifələri ilə yanaşı, faciəli anları ilə də doludur. Bu günün əsas tələbi məhz gəncləri keçmişi öyrənmələri fonunda gələcəyə inamla irəliləmələridir.

44 günlük İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Bu məktəbi öyrənmək, şahidlərimizin xatirəsinə hörmətlə, qazilərimizə diqqət və qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan hamımızın qürur mənbəyidir. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər, gənclərimizin istər ölkə daxilində, istərsə də xaricdə keçirilən forumlarda fəal iştirakı bir daha bu həqiqəti ortaya qoyur ki, hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına öz töhfəsini verməyə səy göstərir. Birlik, həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir. 44 günlük İkinci  Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünya səs saldı.  Mübaligəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan gənclərdir. Onlar yetişdi, onlar vətənpərvərlik  və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər. Belə vətənpərvər, qəhrəman  gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır!

Daha çox xəbərlər